Dekabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi çərçivəsində Elmi-Tədqiqat Mərkəzinin “Mentorluq fəaliyyətinin tətbiqi nəticəsində təhsilin tədqiqata əsaslanan yeni məzmunda təşkili (ADPU-nun Filologiya fakültəsinin nümunəsi əsasında)” mövzusu üzrə apardığı araşdırmanın nəticələrinin təqdimatı keçirilib.
Təqdimat mərasimində ADPU-nun rəhbərliyi, universitetin tədqiqatçıları və müvafiq struktur rəhbərləri iştirak etmişlər.
Araşdırmanın əsas məqsədi müəllimlərin praktik bacarıqlarının inkişaf etdirilməsi və tədrisdə tədqiqata əsaslanan təlimin təşkilinə istiqamət¬lən¬dirilməsinə nail olmaqdır.
Tədqiqatın əsas vəzifəsi qabaqcıl beynəlxalq təcrübənin və yeni təlim texnologiyalarının tətbiqi məsələlərinin araşdırılması əsasında ADPU-da tədris prosesinin təkmilləşdirilməsinə töhfə verməkddir.
Layihə çərçıvəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Türkiyə universitetlərində (Hacəttəpə və Qazi universitetlərində filologiya ixtisasları üzrə pedaqoji kadr hazırlığına dair) və ADPU-nun Filologiya fakültəsində tədris üzrə mövcud vəziyyət təhlil edilmişdir. Bu məqsədlə nərkəzin tədqiqatçıları Hacəttəpə və Qazi Universitetlərində elmi ezamiyyətdə olmuş, ADPU-da dəyirmi masalar təşkil olunmuş, tədris planları, fənn proqramları, sillabuslar, elmi-tədqiqat işləri araşdırılmış, kafedralarda professor-müəllim heyətinin və tələbələrin fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirilmiş, mühazirə və seminar dərslərinin müşahidələri aparılmışdır. Türkiyənin təcrübəsi və yerli təcrübə müqayisəli şəkildə təhlil olunmuşdur. Ehtiyaclara dair nəticələr müəyyənləşdirilmiş və qiymətləndirilmişdir. Pedaqoji yönümlü, tədqiqata əsaslanan və həyatla əlaqəlilik prinsipinə malik məzmunun tətbiq edilməsi məqsədilə professor-müəllim heyəti üçün təlimlər keçirilmişdir. Layihənin yekunlarına dair metodik vəsait hazırlanmışdır.
Təqdimatın yekununda rektor professor Cəfər Cəfərov tədqiqat işinin universitetdə keyfiyyət yenilənmələrinə dəstək baxımından əhəmiyyətini vurğulayaraq, bu kimi tədqiqatların bütün strukturlarda sistemli şəkildə aparılmasını tövsiyə edərək, beynəlxalq təcrübənin öyrənilməsi yolu ilə tədrisdə təkmilləşdirmə işlərinin vacibliyini qeyd edib.