Previous Next

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun təbriki

Hörmətli həmkarlar və dəyərli tələbələr!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələrini, bütün əməkdaşlarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə, doğma universitetimizdəki işlərinizdə, təhsildə və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayıram.

Yola saldığımız 2022-ci il müasir tarixinin şərəfli dövrünü yaşayan dövlətimizin inkişafı, beynəlxalq mövqelərinin güclənməsi və dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Azərbaycan Respubli­ka­sının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və hərbi qüdrətinin artırılması sahəsində aparılan siyasət ardıcıl davam etdirilmişdir. Xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin geniş vüsət alması dövlətimizin böyük potensialını və xalqımızın əzmkarlığını əyani şəkildə göstərir. Zəngilanın yenidən qurulmuş Ağalı kəndində 30 ildən sonra ilk sakinlərin məskunlaşması, Şərqi Zəngəzur və Qarabağda ikinci səma qapısı - Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Qubadlı, Zəngilan, Ağdam, Laçın və başqa rayonlarda yeni yaşayış komplekslərinin, habelə məktəb binalarının və mühüm infrastruktur obyektlərinin inşasına başlanılması, “Azərbaycan Respubli­ka­sının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qəbulu və s. həyata keçirilən tədbirlərin geniş miqyasından xəbər verir.

22-23 aprel tarixində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının keçirilməsi xalqımızın sıx birliyinin və həmrəyliyinin təzahürü oldu. Azərbaycan dövləti də həmvətənlərimizin və soydaşlarımızın milli-mənəvi birliyinin möhkəmlənməsinə daim xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş IX Zirvə görüşündə “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik” – fikrini səsləndirməsi bütün dünyaya verilən mesaj, habelə dünya azərbaycanlılarının birliyinin gücləndirilməsi sahəsində dövlət siyasətinin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər.

Əziz həmkarlar və tələbələr!

2022-ci il həm də universitetimiz üçün olduqca əlamətdar və yadda qalan oldu. Ötən il ərzində bizim təhsil ocağında bir çox yeniliklərə imza atıldı, müasir kitabxana-informasiya mərkəzi fəaliyyətə başladı, beynəlxalq əməkdaşlığın inkişafı sahəsində əhəmiyyətli layihələr reallaşdırıldı. Xüsusən qardaş Türkiyənin bir neçə aparıcı ali təhsil müəssisəsi ilə ikili diplom və qarşılıqlı elmi-pedaqoji əməkdaşlıq haqqında müqavilələr bağlandı.

İrəlidə bizi daha böyük və məsul vəzifələr gözləyir. Qarşıdan həm ölkə ictimaiyyəti, həm də ADPU kollektivi üçün yeniliklər və çağırışlar ili gəlir. Əvvəla, 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi bütün Azərbaycanda böyük təntənə ilə qeyd olunacaqdır. Hər birimiz Ulu öndərin ideyalarının layiqli davamçısı kimi, “Heydər Əliyev İli”ində daha əzmlə çalışmalı, təhsilimizin və ölkəmizin inkişafına öz töhfəmizi verməliyik. 2023-cü ildə həm də Pedaqoji Universitet növbəti akkreditasiya prosesindən keçəcək və qazandığımız uğur sayəsində tədqiqat universiteti olmaq yolunda müəyyənləşdirdiyimiz hədəflərimizə bir addım da yaxınlaşacağıq.

Hörmətli həmkarlar və tələbələr!

Sizin hər birinizi əlamətdar bayramlar münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, yeni təqvim ilində möhkəm cansağlığı, işlərinizdə uğurlar, tələbələrimizə həm də qarşıdan gələn qış imtahan sessiyasında müvəffəqiyyət arzulayıram.

Bayramınız mübarək!

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search