Previous Next

Magistratura və doktorantura şöbəsində “Şuşa - 270” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsi, Tarix və coğrafiya fakültəsi və Xarici Dillər Mərkəzinin dosenti Qəribə Məmmədovanın birgə təşkilatçılığı ilə “Şuşa – 270” adlı tədbir keçirilib. Tədbirdə şöbədə dərs aparan müəllimlər, şöbənin və fakültənin əməkdaşları, müxtəlif ixtisaslar üzrə magistrant və tələbələr iştirak ediblər.
Əvvəlcə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov giriş sözü ilə tədbiri açaraq 2022-ci ildə ölkəmizdə bir neçə mühüm yubileylərin qeyd olunduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən “Şuşa ili” kimi səciyyələndirilən 2022-ci ildə Şuşa şəhərinin 270 illik, Hüseyn Cavidin 140 illik, Əhməd Cavadın 130 illik, Yusif Vəzir Çəmənzəminlinin 135 illik yubileyləri qeyd olunub. Bu tədbirin də ötən il olduğu kimi yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində möhtəşəm yubileylərə həsr olunmasının ənənəyə çevrildiyi diqqətə çatdırılıb.
Sonra Yusif Vəzir Çəmənzəminlinin nəvəsi, ADPU-nun professoru Leyla Vəzir ova və ingilis dili müəllimi, I Qarabağ müharibəsində atası, II Qarabağ müharibəsində isə həyat yoldaşı şəhid olan Nəzirə Məmmədova çıxış ediblər.
Tədbirdə Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə I tədris ili magistrantları, Təhsildə sosial-psixoloji xidmət ixtisasının II tədris ili magistrantları, Tarix və coğrafiya fakültəsinin tələbələri əhatəli ssenari üzrə Azərbaycan və ingilis dillərində Şuşa şəhərinin, Qarabağın tarixi, mədəniyyəti, tarixi şəxsiyyətləri haqqında çıxışlar edib, slaydlar, vidoçarxlar nümayiş etdiriblər. Magistrant və tələbələrin ifasında vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib, Hüseyn Cavid və Əhməd Cavadın əsərlərindən parçalar söylənilib, Şuşa haqqında maraqlı faktlar deyilib. Tədbir ərzində yaradıcı tələbələr Şuşaya həsr olunmuş rəsmlər, əl işləri hazırlayıblar.
Sonda isə tədbirin təşkilatçısı və ssenari müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Qəribə Məmmədova çıxış edib. O, yaradılan şəraitə görə universitet rəhbərliyinə təşkilatçılar adından təşəkkürünü bildirib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edərək yaxın gələcəkdə növbəti tədbirlərdə görüşməyi arzulayıb.
Tədbirin sonunda şəhidin övladlarına, çıxış edənlərə xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search