.Məlumdur ki, ölkəmizdə ali təhsil müəssisələrində bir sıra təkmilləşdirmə işləri aparılır. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də bu təkmilləşdirmə prosesinin önündə inamla addımlayır. Bu universitetin seminarlarında Azərbaycan təhsil məkanında müəllim hazırlığı sahəsində bir sıra yeni innovativ yanaşmalar irəli sürülür və müzakirələr aparılır. Bu qəbildən olan növbəti seminar 24 yanvar 2023-ci il tarixində ADPU-nun Fizika fakültəsində keçirilmişdir. Belə ki, bu seminarda fakültənin “Fizikanın Tədrisi Texnologiyası” kafedrasının dosenti Qalib Şərifov “Liseylərdə fizika təlimi konsepsiyası və qiymətləndirmə modelləri” adlı mövzu üzrə məruzə ilə çıxış etmişdir. Seminarı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı dos. Arzu Daşdəmirov seminar mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırdı və bu tip silsilə seminarların fakültədə keçirilməsinin əhəmiyyətini vurğuladı. Sonra Qalib Şərifov mövzuya dair geniş təqdimatla çıxış etdi. O, Avropada və İngiltərədə Blum taksonomiyaları əsasında hazırlanan yeni qiymətləndirmə modeli vasitəsilə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, qiymətləndirmə modelinin mövcud kurikulum standartları ilə müqayisəli təhlili haqqında ətraflı məlumat verdi.
Məruzəçi liseylərdə iş təcrübəsindən qaynaqlanan və tədqiqat mövzusu ilə əlaqədar apardığı pedaqoji təcrübələrdə rast gəldiyi bəzi problemlərdən danışdı. Bununla yanaşı o, liseylərdə fizika təliminin təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Daha sonra o, təqdimatında bu təhsil müəssisələri üçün hazırladığı beş komponentli konsepsiyanın hər bir komponenti haqqında məlumat verdi. Daha sonra “Qiymətləndirmə-monitorinq” komponentinə daxil olan elementləri ətraflı şərh etdi. O, Amerikada, İngiltərədə və dünyanın 160-dan çox ölkəsində istifadə olunan IB, IGCSE və AP Fizika üzrə qiymətləndirmə modellərinin və onlarda şagirdlərin bilik və fəaliyyətinin ölçülə bilməsinin xüsusiliyindən danışdı. Qalib Şərifov bu qiymətləndimə modelləri əsasında lisey şagirdlərinin fizika biliyinin qiymətləndirmək üçün özünün tərtib etdiyi standartlar paketini, perspektiv planları, rubrikləri təqdim etdi. Bunda başqa o, qeyd etdi ki, bu standartlar paketi Blum taksanomiyasının bütün mərhələlərinə uyğun bilik və bacarıqları dəqiq ölçməyə imkan verir.
Seminarda İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri professor Müseyib İlyasov, Kompüter elmləri kafedrasının professoru Əbülfət Pələngov, professor Vilayət İsmayılov, professor Naxçıvan Səfərov, professor Vidadi Orucov, Fizikanın tədrisi texnologiyasının müdiri dos. Sevinc Cəlilova, Ümumi fizika kafedrasının müdiri prof. Cahangir Hüseynov və fakültənin professor-müəllim heyəti iştirak etmişdir.
Seminarın müzakirə hissəsində məruzəçi çox saylı suallara cavablar verdi. Seminar iştirakçıları seminarın mövzusunun çox aktual olduğunu və məruzəçi tərəfindən təqdim edilən beş komponentli konsepsiyanın liseylərdə fizika təlimində faydalı olacağını bildirdilər. Bununla yanaşı onlar qeyd etdilər ki, konsepsiya əsasında tərtib edilən Blum taksanomiyasının bütün mərhələlərini özündə ehtiva edən qiymətləndirmə modellərinin lisey şagirdlərində XXI əsr 4K bacarıqlarının formalaşmasına böyük töhfə verə bilər.