Yanvarın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Təhsilin İnkişafı Fondu (TİF) və Britaniya Şurası ilə (British Council, BŞ) tərəfdaşlıq əsasında təşkil olunan İELTS imtahanlarında iştirak edən universitetin bir qrup müəllim və tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə ADPU rəhbərliyi, müvafiq qurumların əməkdaşları, universitetin Filologiya fakültəsinin müvafiq struktur rəhbərləri və namizəd müəllim və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib: “Pedaqoji Universitetlə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında insan kapitalının formalaşdırılmasının gücləndirilməsi və istedadlı tələbələrin ingilis dilini mənimsəməsi məqsədilə universitetimizin bir qrup müəllim və tələbəsi üçün IELTS imtahanı təşkil edilmişdır. Britaniya Şurasının təşkilatçılığı ilə keçirilən imtahanda universitetdaxili müsabiqə əsasında seçilmiş 9 müəllim və 10 tələbə iştirak etmiş və hər biri yüksək nəticə ilə beynəlxalq dil sertifikatı qazanmışdır. Cari il ərzində daha artıq tələbənin imtahanlara cəlb olunması nəzərdə tutulur.”
Çıxış edənlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova, Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov və Britaniya Şurasının Cənubi Qafqaz üzrə İmtahanlar Meneceri Nərgiz Əkbərova qeyd ediblər ki, bu imtahanların təşkilində məqsəd universitetlərdə beynəlxalq dil sertifikatlarının təşviqi, gələcəkdə tədris prosesində İELTS sertifikatı kimi akkreditasiya olunmuş beynəlxalq dil sertifikatına malik olan tələbələrin müvafiq proqramların tədrisindən azad olunmalarını stimullaşdırmaqdır. Xüsusilə vurğulanıb ki, ötən ilin sonunda 6 dövlət ali təhsil müəssisəsi ilə birgə icra olunan layihənin ilk ilində Pedaqoji Universitetdən namizədliyi irəli sürülmüş bütün müəllim və tələbələr yüksək nəticə ilə İELTS sertifikatı almağa müvəffəq olmuşlar və növbəti illərdə də layihə davam etdiriləcək.
Daha sonra müəllim və tələbələrə müvafiq sertifikatlar təqdim olunub.
Sertifikatların təqdimatından sonra qonaqlar ADPU-da qış imtahan sessiyasının gedişi, imtahanların nəticələrinin yoxlanılması və apellyasiya prosesi ilə yaxından tanış olub, imtahanların yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə ediblər.