Previous Next

İmtahan sessiyası, tələbə həyəcanı

Müəllimliyə hazırlananlar

Azərbaycanda müəllimlik üzrə kadr hazırlığını həyata keçirən 2 təcrübəli, məşhur ünvan var. Biri - Azərbaycan Dövlət Pedaqoji Universiteti artıq 100 ildir bu fəaliyyətlə məşğul olur, ikincisi, Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci  96 illik pedaqoji təcrübəyə sahibdir. Hər iki ünvanda qızğın imtahanlar gedir.

ADPU-da imtahanlar həm yazılı, həm şifahi keçirilir

Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan həyəcanı yanvarın 5-dən başlayıb. Hər gün 11-15 imtahan keçirilir, yüzlərlə tələbə eyni vaxtda bir həyəcanı yaşayır.Universitetin 4 korpusundan 3-də imtahanlar təşkil edilir.

Riyaziyyat, Məktəbəqədər təhsil, İbtidai təhsil, Kimya və biologiya, Fizika, həmçinin Filologiya fakültələri üzrə imtahanların keçirildiyi əsas korpusdayıq. İmtahanların saat 12:00 seansına “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı da qatılıb.

Məlumat üçün qeyd edək ki, universitetdə imtahanlar ikinövbəlidir. Səhər imtahanları 8:00-dan 12:00-a, günorta isə 12:00-dan 15:00-a qədər olan zaman kəsiyində keçirilir.

Ədəbiyyatdan şifahi imtahan

Auditoriyaların birində Ədəbiyyat imtahanıdır. Mahmud müəllim Allahmanlı şifahi imtahan götürür. 5 nəfər bilet çəkib hazırlaşır, bir nəfər bilet üzrə suallara cavab verir. O, Aydan Əliyevadır. Müəllimlərinin qarşısında oturub bu gün bəxtinə çıxan sualları cavablandırır. Sonra Aydanı Aysu əvəz edir...

Aydan Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə II kurs tələbəsidir. Bu, onun üçüncü imtahanıdır. İndiyədək qeyri-kafi qiymətləndirildiyi imtahan olmayıb, yəni imtahanları uğurlu keçib. Deyir tələbə yoldaşları da əlaçı və zərbəçidir: “Tələbə yoldaşlarım çalışqan, müəllimlərimiz isə anlayışlıdır, bizi həvəsləndirir, daha yaxşı nəticə ortaya qoymağımız üçün əllərindən gələni edirlər”.

Filologiya fakültəsinin dekan müavini Zemfira Abbasova bildirib ki, 239 qrupdan artıq yarısı - 110 qrup imtahan verib. Universitetdə imtahanlar həm yazılı, həm də şifahi keçirilir: “Filologiya fakültəsində qeyri-ixtisas fənləri yazılı, ixtisas fənlərindən imtahanlar şifahi keçirilir”.

12 qrup yazılı imtahan verir

II zalda yazılı imtahan gedir. Filologiya fakültəsinin müəllimi, koordinator Arif Kazımovun sözlərinə görə, zalda 12 qrupun tələbələri imtahan verirlər. Onlardan biri Sərhad Aydan universitetin tək-tük oğlan tələbələrindən, zaldakı iki oğlandan biridir. İmtahan kağızını nəzarətçi Arif Kazımova təhvil verir. Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan I kurs tələbəsi sona qalanlardandır. Buna baxmayaraq, imtahanından razı qalıb: “İmtahan yaxşı keçdi. Hesab edirəm ki, nəticəm uğurlu olacaq”.

İmtahanlara həm müəllimlər, həm də tələbələr nəzarət edir

İmtahan qərargahında işlərin necə təşkil edildiyi də maraqlıdır. Bu il qərargahı  pedaqogika elmləri doktoru, professor Şəhla Əliyeva idarə edir. Onun sözlərinə görə, proses əvvəlcədən təyin etdikləri cədvələ uyğun aparılır. İmtahanları fakültələrin dekan müavinləri, tədris hissəsi, imtahan qərargahı və monitorinq şöbəsi təşkil edir. Universitet kontingentindən seçilən 160 nəfər nəzarətçi-müəllim kimi imtahanlara cəlb edilib.

İmtahanlara müdaxilə etmək üçün səlahiyyətləri olmasa da, tələbələrdən də  bir qrup seçilərək müşahidəçi təyin edilib. Müşahidəçi tələbələrdən biri də Nərgiz Quluzadədir.  Dediyinə görə bu ictimai vəzifə öz imtahanlarına mane olmur: “İbtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsiyəm. Əlaçıyam. SABAH qruplarında təhsil alıram. İmtahan başlayandan müşahidəçi kimi iştirak edirəm. Biz müdaxilə etmədən müşahidə edir, qeydlərimizi rəhbərliyə təqdim edirik. Hələ ki, fors-major hadisə baş verməyib”.

Kodlaşdırma otağında

İmtahanlarda həlledici yerlərdən biri də kodlaşdırma otağıdır. Otağın rəhbəri Rövşən Hacıyev bildirib ki, 6 fakültə - Riyaziyyat, Məktəbəqədər təhsil, İbtidai təhsil, Kimya və biologiya, Fizika və Filologiya fakültələri üzrə imtahanların keçirildiyi əsas korpusdakı bu otaqda tələbələrdən alınan cavab kağızları kodlaşdırılaraq müəllimlərə verilir: “Müəllimlər buradan cavabları götürüb yan otaqda yoxlayırlar. Hər müəllim başqa müəllimin qrupunun cavablarını yoxlayır. Fakültə nümayəndələri cavabları bizdən alıb tələbələrə elan edirlər”.

TƏLƏBƏ qiymətindən razı deyilsə...

Fakültə nümayəndələrinin elan etdiyi qiymətlərlə razılaşmayanlar olur. Məsələn, imtahanların başladığı bu 15 gündə ADPU tələbələrindən 500-dən çox apellyasiya müraciəti olub.

İmtahan sessiyası başlayandan 3 gün sonra işinə start verilən Apellyasiya Komissiyası ADPU-nun oxu zalında qurulub. Komissiyanın sədri Könül Səmədovanın sözlərinə görə, 16 nəfər dekan və fakültələrdən təhkim olunmuş şəxslərdən ibarət komissiya hər gün onlarla müraciətə baxır: “Bu il ən çox əlaçı olmaq istəyənlərin müraciətlərinə baxmışıq. Əlaçılıq üçün çatışmayan balı tələbələrimiz apellyasiya qaydasında artırmağa çalışırlar. Təbii ki, biz də onlar üçün buradayıq və qiymətləndirilmələrində qeyri-obyektivlik varsa, onu dərhal aradan qaldırırıq. Müraciətlər daha çox yazılı imtahanlarla bağlı olur. Çünki müəllim tələbənin potensialına bələd olduğu üçün şifahi imtahanların qiymətləndirmələrində imtahandakı cavabları ilə yanaşı, tələbənin dərslərdəki iştirakını da nəzərə alır. Amma yazılı imtahanda kimin işi olduğunu bilmir, hətta başqa müəllimin dərs dediyi işi qiymətləndirirlər. Bu da çox vaxt tələbələrin, xüsusən, birinci kursda oxuyanların ürəyincə olmur”.

Sessiya bitəcək, həyəcan yox...

Bu ayın sonuncu günü ADPU-da imtahanlar başa çatacaq. Amma həyəcan fevralda da davam edəcək. Bildiyi bileti çəkmədiyi, imtahan həyəcanından sarsılıb cavabı unutduğu, ya da pis hava şəraiti üzündən imtahana gələ bilməyənlər bəxtini, hazırlaşıb yenidən imtahan verənlər biliyini sınayacaqlar. Onlara, daha doğrusu, imtahan qaydalarını pozanlar - indiyədək onların sayı 60 nəfər civarındadır - istisna olmaqla, imtahana gəlməməsinə üzrlü səbəb göstərən tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq.

ADPK-da 2823 nəfər imtahan verir

Azərbaycan Dövlət Pedaqoji Kollecində də qızğın imtahan gedir. Dekabrın 29-dan başlayan proses hələ fevralın 5-nə kimi davam edəcək. İmtahanlar Sabunçu korpusunda təşkil edildiyindən tələbələrin bir qismi səhər saat 10:00-da, bir qismi isə günorta saat 15:00-da məhz bu korpusda imtahana girir. Çünki kollecin imtahanları da  ikinövbəlidir. Universitetdən fərqli olaraq, burada imtahanlar ancaq yazılı qaydada aparılır. Kollecin direktoru İsrayil İsgəndərov “Azərbaycan müəllimi” qəzetinə bunun səbəbini izah edərək bildirib ki, əvvəlki illərdə onlar da bəzi ixtisaslar üzrə şifahi imtahanlar keçirib. Amma bu üsul özünü doğrultmadığından artıq yalnız yazılı imtahanlara üstünlük verirlər.

ADPK dəhlizlərində valideynlər

Kollecin qapısından girən kimi diqqəti valideynlər cəlb edir. Aralarında yeniyetmələrin çoxluq təşkil etdiyi kollec tələbələrinin bir çoxu dərslərə, bir çoxu da Sabunçu uzaq olduğu üçün imtahanlara valideynləri ilə gəlir. Axı, təhsil müəssisəsinin tələbələrinin bir hissəsi yeniyetmələrdir.

Kəmalə Lətifova qardaşı qızı üçün buradadır: “Artıq IV kursda oxuyur, təhsilini bitirmək üzrədir. Mən də onunla bərabər gəlib-gedərək 4 ildə məktəblə doğmalaşdım. Ödənişli təhsil alır Lamiyə. Əldə etdiyi öz uğuru olduğu üçün özünə çox güvənir”.

Kəmalə Lətifovanın qardaşı qızı Lamiyə Əkbərzadə Məktəbəqədər təhsil fakültəsində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası  üzrə təhsil alır. Kollecdə təhsilin keyfiyyətindən razıdır: “Elə şeylər var ki, özümüzü universitet tələbələri ilə müqayisə edirik”.

Lamiyə məktəbəqədər təhsilin kurikulumu fənnindən imtahan verəcək: “Kurikulum başqa fənlərlə müqayisədə nisbətən çətindir. Ona görə bir az həyəcanlıyam. Ancaq çox hazırlaşmışam, uğur qazanacağımı düşünürəm”.

İmtahan prosesi: başlayandan bitənədək...

Prosesin təşkil və idarə olunduğu  İmtahan Qərargahının rəhbəri Şahəddin Nərimanov bildirib ki, sessiya dövründə 127 fənn üzrə 977 imtahan keçiriləcək. Proses 2823 nəfər tələbəni əhatə edəcək. Artıq 7000-ə yaxın tələbə imtahan verib. İndiyədək keçirilən imtahanlarda 760 nəfər qeyri-kafi qiymət alıb, 17 nəfər isə qayda pozaraq imtahanlardan kənarlaşdırılıb. Onlar istisna olmaqla, kollecin tələbələri imtahanları uğurla verirlər. 111 tələbə payız imtahan sessiyasına buraxılmayıb. Kollecdə 4167 tələbə təhsil alır. 470 nəfər I kurs tələbəsi imtahanla deyil, BSQ ilə qiymətləndirilir.

Prosesin başladığı otaqdayıq. Burada tələbə sayına uyğun biletlər cavab kağızlarına tikilib imtahanın keçirildiyi zala ötürülür.  İşçi qrupun sədri Vüsal Qasımovun sözlərinə görə, biletləri zala qoyan da onlar olur, zaldan təhvil alıb kodlaşdırma otağına təhvil verən də.

Budur sualların tikildiyi cavab kağızları imtahan zalına göndərilir.

İmtahan zalında eyni vaxtda 440 nəfər imtahan verə bilir

İmtahan zalının qarşısında... Tələbələr sıra ilə qapıdan keçir. Hər biri imtahan zalına xüsusi cihazla üstü aranaraq buraxılır.

Fatimə Mehdiqızı yoxlanışdan problemsiz keçərək nəzarətçilərin göstərdiyi yerdə əyləşir. Belə görünür ki, özünə çox güvənir. “İngilis dilindən imtahan verəcəyəm. İnklüziv təhsil ixtisası üzrə oxuyuram. İngilis dilini yaxşı bilirəm, 5 dəqiqəyə cavab yazıb çıxacağam”, - deyir. Artıq 4-cü imtahanıdır: “Hamısını uğurla vermişəm. Cəmi 2 imtahanım qalıb. Onları da uğurla verəcəyimə şübhəm yoxdur. Müəllimlərimiz tələbkardır, amma mən özüm də məsuliyyətliyəm. İlboyu çox oxuyuram ki, imtahanlarda çətinliyim yaranmasın”.

Ailə və ev təhsili, Məktəbəqədər təhsil, İnklüziv təhsil, Texnologiya və Peşə təlimi, İngilis dili, Uşaq anatomiyası,  Məktəbəqədər təhsilin kurikulumu, Texniki və bədii konstruksiya, Kənd təsərrüfatı işlərinin texnologiyası fənlərindən imtahan verəcək II, III, IV kurs tələbələri zalda yerini alıb imtahanların başlamağını gözləyirlər.

Nəzarətçilər iş başındadırlar. İmtahan prosesinin tənzimlənməsi prosesində 18 nəfər iştirak edir. Bir nəfər zala tələbələrin yoxlanılaraq buraxılmasını təmin edir. 2 nəfər sənədləri yoxlayır. Onlar zalda hər tələbə üçün bərabər şərait yaratmağa çalışırlar. İmtahan zalının rəhbəri Zeynəb Bağırovanın sözlərinə görə, hər imtahana 300-400 tələbə daxil olur. 440 nəfərlik zalda eyni fənn üzrə imtahan verən tələbələrin çarpaz oturmaları təmin edilir: “Tələbələri nəzarətçilər yerləşdirir. Eyni fənn üzrə imtahan verən tələbələrin yan-yana və ya dal-qabaq oturmalarına imkan verilmir, yanlarına, önlərinə və arxalarına başqa fənn üzrə imtahan verən tələbələr yerləşdirilir”.

İmtahanın başlamağını gözləyənlərdən biri - Cəlilabad rayonunun Bədirli kəndindəndir. Artıq IV kurs tələbəsidir. Texnologiya ixtisası üzrə təhsil alır. Dediyinə görə, indiyədək heç qeyri-kafi qiymətləndirilməyibmiş: “Amma bu il rəsmxətdən qeyri-kafi aldım. İndi Kənd təsərrüfatında işlərin texnologiyası fənnindən imtahan verəcəyəm. Bu dəfə uğur qazanacağıma əminəm. Artıq suallarla tanış olmuşam və 5 sualdan 4-nü yazacağımı düşünürəm”.

Kollecdə son ili olduğunu xatırladan Səid planlarından da danışıb: “Əslində fiziki tərbiyə müəllimi olmaq istəyirdim, olmadı. Təhsil aldığım bu müddətdə Texnologiya ixtisasını da sevdim. Ən böyük arzum müəllim olmaqdır. Ancaq əvvəlcə universitetdə oxuyacağam”.

Universitetə subbakalavr kimi müsabiqədənkənar daxil olmağı düşünür. Mümkün olmasa, müsabiqəyə qatılacaq.

Sənan Mədətov kollecdə 23 qızla eyni qrupda təhsil alır. Artıq 3 imtahan verib, daha 3 imtahan da verməlidir. Dördüncü imtahanını texniki və bədii konstruksiya fənnindən verir.

Təsviri incəsənət müəllimi olmaq qərarına gəlincə, deyir ki, bacarığıyla xəyalını birləşdirib: “Rəsm çəkməyi sevirəm. Müəllim olmaq da xəyalım idi”.

İmtahandan sonra

İmtahan başlayır və 2 saat 15 dəqiqə çəkir. Bundan sonra proses emal və kodlaşdırma otağında davam edəcək.

Emal və kodlaşdırma prosesinə  Aytən Məmmədova nəzarət və rəhbərlik edir. Dediyinə görə, cavab kağızları kodlaşdırılır. Kodlaşdırılmış hissənin kəsilməsi yoxlanan işin anonimliyini təmin edir.

Bundan sonrakı iş müəllimlərin  boynuna düşür. Kodlaşdırılan cavablar müəllimlərin yoxlama otağına ötürülür və qiymətləndirilərək geri qayıdır. Qiymətlər burada müvafiq qaydada köçürülür.

Müəllimlərin yoxlama otağında da qızğın iş gedir. Əvvəlki gündən qalan cavablar yoxlanır. Pedaqogika üzrə fəlsəfə doktoru Rəsul Əliyev Pedaqogika və Pedaqoji ustalıq fənnindən payız semestrinin imtahan suallarına tələbələrin verdikləri cavabları yoxlayır. Dediyinə görə, qiymətləndirərkən  ədalətli olmağa, kredit sisteminin qiymətləndirmə meyarlarına sadiq qalmağa çalışır.

Kollecin həm də tələbəsi olan R.Əliyev 30 ildən çoxdur müəllimlik etdiyi təhsil müəssisəsinin indiki tələbələrinin fərqini hiss edir: “6 qrupda dərs aparıram. Həm dərslərdə, həm də imtahan suallarını oxuyarkən hiss olunur ki, tələbələrimiz dərslərə daha məsuliyyətlə yanaşırlar. Cavabları dolğun, əhatəli yazırlar”.

Müəllimin qiymətləndirməsi ilə iş başa çatmır. Bu qiymətlə razılaşmayanlar olarsa, proses Apellyasiya Komissiyasında davam edir. Qiyməti ilə razılaşmayanlar imtahandan 24 saat sonra xüsusi link vasitəsilə elektron müraciət edir. Komissiyanın sədri Sevda Həsənovanın sözlərinə görə, bu il 500 nəfərin müraciətinə baxıblar: “Tələbələrimiz gecə-gündüz, iş və ya qeyri-iş günü demədən bizə elektron müraciət edə bilərlər. Amma apellyasiya hər gün keçirilmir. Müəllim heyəti imtahanlarda olduğundan onların işinə mane olmaq istəmir, bəzən günaşırı, bəzən bir neçə gündən-bir komissiyanın toplantısını təyin edirik. Bu günədək 4 dəfə apelyasiya keçirmişik, hər dəfə 70-90 işə baxılıb. Sonuncu dəfə 95 işə baxıldı, 12 işə dəyişiklik edildi”.

Həyəcan onların ədalət arayışına mane olmur

İmtahan həyəcanı hələ davam edir. Kollecin keyfiyyət təminatı şöbəsinin müdiri Nuray Rüstəmova deyir ki, tələbələr o qədər həyəcanlı olur ki...

Ancaq nə qədər həyəcanlansalar da, kollec tələbələri mübarizədən, haqqını aramaqdan, fikirlərini ifadə eləməkdən çəkinmirlər.

Çünki onlar müəllim olmağa hazırlaşır, ən yaxşı müəlimlərin çıxdığı mühitdə yetişirlər.

Ruhiyyə DAŞSALAHLI

“Azərbaycan müəllimi”,  yanvar 2023

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search