Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İctimai Şuranın üzvləri imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, ADPU-nun Şamaxı filialında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda vətəndaş cəmiyyəti platformasının resurslarından geniş istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb.
Filialda yaradılan İctimai Şuranın üzvləri – filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı Rayon Ağsaqqallar şurasının sədri, əməkdar müəllim Alicanov Mayıl, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Əliyev Rövşən, “Şirvan” qəzetinin baş redaktoru Məmmədova Könül və Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Eyvazova Könül imtahan prosesini izləyib, filialda yaradılan təlim-tədris şəraiti ilə tanış olublar.
Filialın direktoru dosent Tünzalə Yusifova şura üzvlərinin diqqətinə çatdırıb ki, 29 dekabr 2022-ci il tarixindən ADPU-nun Şamaxı filialında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Direktor bildirib ki, filialda imtahanların obyektiv şəkildə qaydalara uyğun keçirilməsi üçün bütün hazırlıq işləri görülüb, imtahanlar müddətində valideynlərin, ictimaiyyət nümayəndələrinin və filialın İctimai Şurasının üzvlərinin iştirakı təmin edilib. O qeyd edib ki, gələcəyimiz üçün savadlı və ixtisaslı kadrların hazırlanması üçün ictimai nəzarətin təmin edilməsi çox önəmlidir.
İmtahanlar bitdikdən sonra İcimai Şuranın üzvləri yoxlama prosesi ilə də yaxından tanış olublar. Onlar filialın tədris binası, son dövrlər aparılan yeniliklər və irəli sürülən layihələrlə tanış olublar.
Eyni zamanda filialın ibtidai sinif müəllimliyi ixtisasının məzunu Ağayeva Nərgizə “fərqlənmə” diplomunu təqdim olunub. Qeyd edək ki, Nərgiz filiala 512 balla daxil olmuş və təhsil aldığı müddətdə seçilən tələbələrindən olmuşdur.
Son olaraq İctimai Şura üzvləri öz rəy və təkliflərini qeyd ediblər.