Pedaqoji Universitetdə Qərbi Azərbaycana qayıdışla bağlı ilk ictimai dinləmə keçirildi
Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin üzvləri ilə universitetin professor-müəllim heyəti və tələbələrin görüşü keçirilib.
Tədbir çərçivəsində, həmçinin 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı Meh Ədəbi Dərnəyinin üzvləri olan tələbələrin hazırladıqıarı ədəbi kompazisiya nümayiş olunub və Qərbi Azərbaycana qayıdışın vacib komponentlərindən birinin də bu bölgədəki anadilli mədəniyyətin tədqiqi və yaşadılması olduğu qeyd olunub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, QAİ İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Prorektor qeyd edib ki, Pedaqoji Universitetdə keçirilən bugünkü görüş geniş ictimaiyyət arasında Qərbi Azərbaycana qayıdışla bağlı ilk ictimai dinləmədir və belə müzakirələr bütün ictimai qurumlarda təşkil olunmalıdır.
QAİ-nin sədr müavini, Azərbaycan Respublikası Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, bu ilk ictimai dinləmənin Beynəlxalq Ana Dili Günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Deputat vurğulayıb ki, dil məsələsi xalqın milli birliyinin vacib simvollarından biridir və bu gün Qərbi Azərbaycana qayıdış aspektində, bu mühüm vəzifənin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü vəzifələr kontekstində dilimizin qorunması, Qərbi Azərbaycanda anadilli toponimlərin, dil abidələrinin tətqiqi və təbliği olduqca önəmlidir.
H.Babaoğlu qeyd edib ki, bu ilin yanvarında təsdiq olunan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın məzmunu ötən ilin 24 dekabr tarixində cənab Prezident İlham Əliyev icma üzvləri ilə görüşündə irəli sürdüyü tezislərə əsaslanır. İcmanın konsepsiyasının əsasını öz yaşayış yerlərindən didərgin salnmış azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etmək, eyni zamanda bölgədə azərbaycanlıların siyasi, hüquqi və fiziki təhlükəsizliklərinin təmini üçün bölgədə etimad edilən beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi və Ermənistan konstitusiyasında qərbi azərbaycanlıların hüquqlarının təsbiti, kompakt yaşayışın təmini kimi məsələlər təşkil edir.
QAİ Qadınlar Şurasının sədri, Milli Məclis Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev və digərləri çıxışlarında vurğulayıblar ki, siyasi aspektdən Azərbaycan tarixində heç vaxt belə bir əlverişli şərait olmayıb. Bu gün son 200 ildə Azərbaycan xalqının başına gətirilən faciələrin cavabının tapılması, haqq səsimizin dünyaya çatdırılması və tapdalanan haqlarımızın bərpası üçün bu gün münbit şərait yaranıb. Qeyd olunub ki, sovetlər imperiyasının dağılması ilə ermənilərin böyük Ermənistan xülyasının son həddi kimi Qərbi Azərbaycanda və daha sonra Dağlıq Qarabağda baş verən hadisələr təkcə yüzminlərlə soydaşımızın didərgin olması ilə deyil, eyni zamanda torpaqlarımızın 20 faizinin işğal olunması ilə nəticələndi. Buna görə də əvvəldə ərazi bütövlüyümüzün bərpası ən vacib vəzifə idi. Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin apardıqları yorulmaz mübarizənin nəticəsində 2 il öncə Azərbaycan xalqı dünya tarixində görünməmiş bir qələbəyə imza atdı.
Çıxışlarda bildirilib ki, Vətən müharibəsindəki tarixi zəfərimiz Qərbi Azərbaycanda ermənilər tərəfindən xalqımıza qarşı törədilən tarixi ədalətsizliyin aradan qaldırılması üçün təşkilatlanmış fəaliyyətə başlamağa imkan verdi. Sözsüz ki, 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi yaradılan QAİ bu günə qədər də böyük işlər görüb, lakin Qarabağ probleminin həlli İcma kimi daha sistemli mübarizə aparmağa və beynəlxalq səviyyədə haqq səsimizi bəyan etməyə əsas yaratdı. Cənab Prezidentin xeyir-duası ilə hazırlanan qayıdış konsepsiyası BMT və onun ali qurumları tərəfindən BMT-nin gündəliyinə daxil olan sənəd kimi yayımlandı və bu dünya arenasında böyük əks-səda oyatdı.
Çıxışlardan sonra suallar və təkliflər dinlənilib, qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılıb.