Previous Next

Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti qələbəsi oldu

Azərbaycanın şanlı tarixində əbədi olaraq qalacaq Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsi idi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan bütün cəbhələrdə istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. Vətən müharibəsinin müzəffər sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin antiazərbaycan mövqeli xarici qüvvələrə ismarıclar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Müharibə dövründə orduya və xalqa verilən mənəvi ruh yüksəkliyinin arxasında cənab Ali Baş Komandanın çıxışları dururdu.

Göründüyü kimi Ölkə Prezidentinin ötən illər ərzində müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa etməsi, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırması ölkəmizi Zəfərə aparan əsas diplomatik-strateji nailiyyətlərdən biridir.

Müharibədən sonraki dövrdə də Ölkə başçısı cənab İlham Əliyev regionda sülh təşəbbüsləri ilə çıxış edir, Azərbaycanın milli maraqlarını bütün səviyyələrdə qətiyyətlə qoruyur, mövcud problemlərin həllinə istiqamətlənmiş addımlar atır. İstər Cənubi Qafqaz regionunda sülh prosesinin Brüssel formatına keçid, istərsə də, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi ilə bağlı əldə olunmuş uğurlar Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan xəbər verir.

Cari ilin fevral ayında Almaniyada keçirilən və Dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransında Azərbaycan daha bir uğura imza atdı. Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüş keçirdilər. Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas çıxışlar etməsi növbəti dəfə dünyanın ölkəmizə olan marağını və Ölkə başçımızın dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etmiş oldu.

Konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edən Dövlət başçısı cənab İlham Əliyev Vətən müharibəsindən sonrakı vəziyyətə diqqəti yönəltməklə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin məhsuldar sonluqla yekunlaşması üçün böyük və gərgin işlərin görüldüyünü bildirərək qeyd etmişdir: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”.

Plenar iclas zamanı hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb edən Ölkə rəhbəri Azərbaycanın “Dağlıq Qarabağ” yox, Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi: “Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var”.

Bütövlükdə, konfransın gündəliyini və gedişatını təhlil etdikdə bir daha əmin oluruq ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti qələbəsi oldu.

Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search