Previous Next

ADPU-nun Şamaxı filialında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi qoruyaq!”adlı tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova bu əlamətdar günün tarixindən və əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir deyən direktor vurğulayıb ki, hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir, dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Sonra filialın tələbələrinin iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub.
Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının dosenti Mayıl Alıcanov ana dilimizin tarixi və dilimizin qorunmasında gənclərin rolundan söhbət açıb. Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d. Eyvaz Eminalıyev “Azərbaycan dilinin təşəkkülü tarixindən” və kafedranın müəllimi Ruqiyyə Babaşova “Azərbaycan dilinin işləkliyinin inkişaf etdirilməsi müasir mərhələdə” mövzuları ətrafında məruzələr etdilər.
Tədbir filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ili tələbəsi Nuranə Mirzəyevanın “Ana dili milli kimliyimizdir” mövzusunda çıxışı və ibtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Fidan Abbasovanın ifasında X.Rza Ulutürkün “Ana dili” şeirinin səsləndirilməsi ilə başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search