Previous Next

ADPU rektoru yüksək nailiyyətli xanım tələbələri qəbul etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də Universitetdə ötən semestrin imtahan sessiyasında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 10 xanım tələbəni qəbul edib.
Görüşdə tələbələri təbrik edən rektor vurğulayıb ki, Pedaqoji Universitetin tələbələrinin böyük hissəsini xanım tələbələr təşkil edir və onlar həm tədrisdə, həm də ictimai həyatda yetərincə uğur qazanır, Universiteti nüfuzlu elmi və kütləvi layihələrdə, beynəlxalq mübadilə proqramlarında uğurla təmsil edirlər. Tələbə və məzunların uğurlarının sevindirici olduğunu qeyd edən professor C.Cəfərov diqqətə çatdırıb ki, təhsilalanların ixtisas bilikləri ilə yanaşı İKT və xarici dil səriştələrinin artırılması qarşıda duran mühüm vəzifələrdəndir. Bildirilib ki, eyni zamanda xanım tələbələrimizin üzərinə düşən bir vacib missiya da gələcəkdə şagirdlər arasında gender həssaslığını, təhsildə bərabər imkanları təbliğ və təşviq etmək, xüsusən, balaca fidanlara və ailələrə, cəmiyyətə motivasiya qaynağı olmaqdır.
Yüksək akademik nəticələr qazanmaları münasibəti ilə bir daha tələbələri təbrik edən rektor əlamətdar bayram və yüksək nailiyyət qazanmaları münasibəti ilə onlara təşəkkürnamə və gül dəstələri təqdim edib.
Təşəkkürnamədə deyilir:
"Zəngin təhsil ənənələrinə malik ölkəmizin müəllimlik ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olaraq, müqəddəs müəllimlik peşəsini seçdiyin və səylə çalışaraq təhsildə yüksək nailiyyətlər əldə etdiyin üçün, eləcə də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səni ürəkdən təbrik edir, cəmiyyətimizin rifah və intibahının, işıqlı sabahımızın daşıyıcısı kimi sənə təhsilində, kariyera və şəxsi inkişafında daimi uğurlar, səadət və əzmkarlıq arzulayıram."
Qeyd edək ki, bu tələbələrin son imtahan sessiyasında ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) əsasən, 100 bal ətrafındadır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search