Previous Next

Ağcabədi filialında Heydər Əliyevin 100 illiyinə həsr olunan dəyirmi masa keçirildi

Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi. Dəyirmi masada Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, filialın professor-müəllim heyəti və yüksək nailiyyətli tələbələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov qonaqları salamladı. Sonra unudulmaz lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Direktor Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışdı.
Millət vəkili Tahir Rzayev çıxış edərək, 2023-cü təqvim ilinin “Heydər Əliyev İli” kimi qəbul olunmasını Ulu Öndərə sədaqətin bariz nümunəsi kimi qeyd etdi. Bildirdi ki, siyasi fəaliyyəti boyunca Azərbaycan xalqına bağlı olan, onun müstəqilliyi, inkişafı və parlaq gələcəyi naminə durmadan çalışan, dövlətçilik ənənələrimizi azərbaycançılıq ideologiyasının prinsipləri ilə cilalayan Heydər Əliyev irsinin öyrədilməsinin əhəmiyyəti böyükdür.
Tahir Rzayev Heydər Əliyevin özündən sonra yerinə layiqli siyasi varis qoyub getməsini onun Azərbaycan xalqına son xidməti kimi vurğuladı.
Çıxış edən Rövşən Əhmədov Heydər Əliyevin siyasi hakimiyyəti illərində xalqa xidmətlərindən söz açaraq bildirdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi hər iki dövrdə Azərbaycanda vəziyyət olduqca acınacaqlı idi. İlk gəlişində ölkəni iqtisadi-mədəni gerilikdən xilas edən Ulu Öndərimiz, ikinci gəlişində xalqımızın xilaskarı missiyasını həyata keçirdi. Məruzəçi torpaqlarının 20 faizini itirən, minlərlə qaçqın-köçkünü olan bir ölkədə siyasi sabitliyə nail olan Heydər Əliyevin ölkənin iqtisadi inkişafına təkan verən bir sıra islahatlar həyata keçirməsindən də danışdı. Xüsusilə, hərbi sənayenin inkişafı, ordu quruculuğunun həyata keçirilməsi kimi məsələlərin yaxın tariximizdə - 44 günlük Vətən Müharibəsində bəhrə verməsini xüsusilə vurğuladı.
Filialın tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov Heydər Əliyevin siyasi fəlsəfəsindən bəhs edərkən, xüsusilə, onun idarəetmə mexanizmi, ölkəni ən kritik məqamlarda belə ağıl və təmkinlə idarə etməsini vurğuladı.
Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafındakı rolundan söz açan Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, p.ü.f.d., baş müəllim Tahir Kərimli isə Ümummilli Liderin təhsilə aid məhşur kəlamlarından sitat gətirdi: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”.
Heydər Əliyev fenomeninin Azərbaycan ədəbiyyatında poetik dillə ifadəsi barədə danışan filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Qərənfil Rzayeva dahi şəxsiyyətə həsr olunmuş “Heydər adlı günəş sönməz” şeiri ilə tədbir iştirakçılarına poetik anlar yaşatdı.
Sonda Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətinə həsr olunmuş videolent təqdim olundu.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search