Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində elm və innovasiyalar üzrə prorektor, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun "Ümummilli Lider Heydər Əliyev – elm və təhsilin himayədarı" mövzusunda "Novruz mühazirəsi" dinlənilib. Mühazirədə ADPU-nun rəhbərliyi, prorektorlar, dekanlar, kafedra müdirləri, professor-müəllim heyəti və magistrantlar iştirak edib.
Açılış nitqi ilə çıxış edən universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev layihə haqqında məlumat verərək, bu ictimai mühazirələrin artıq 6 ildir Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunduğunu və bu ilin ilk mühazirəsinin ADPU-da keçirildiyini, ardınca isə ADPU-da bu layihənin davamı kimi universitetin görkəmli alimlərinin elm, təhsil, mədəniyyət sahəsində mühazirələrinin təşkil olunması qərara alınıb.
Qeyd olunub ki, bir neçə mühazirə keçirilib və növbəti aktual mövzuya həsr olunan “Novruz mühazirəsi”ni professor Asəf Zamanovdan dinləyəcəyik.
Professor Asəf Zamanov vurğulayıb ki, 2023-cü ilin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi və ölkəmizdə “Heydər Əliyev İli” elan olunması onun böyük irsinin gənc nəsilə çatdırıldılması baxımından da əlamətdardır. Bu aspektdən Ulu Öndərin elm və təhsil sahəsində gördüyü işlər, təşəbbüslər olduqca əhəmiyyətlidir. Heydər Əliyev hələ sovetlər dönəmindən gələcək müstəqil dövlətin bütün sahələrdə ehtiyacı olan kadr ehtiyyatını formalaşdırmaq məqsədi ilə intellektual potensialın inkişafını diqqət mərkəzində saxlamış, sovet respublikalarında ali təhsil almağa göndərilən azərbaycanlıların sayını illik 1000 nəfərə çatdırmış, Elmlər Akademiyasının inkişafına xüsusi dəstək göstərərək fundamental elmlər, həmçinin kibernetika və kosmik tədqiqatlar kimi zəruri və yeni elm sahələrinin ölkəmizdə tərəqqisinə nail olmuşdur. Bu dövrdə 10 cildlik Azərbaycan Ensklopediyasının hazırlanaraq yüksək tirajla nəşr olunması da ayrıca hadisə idi. Müstəqillik illərinin ilk vaxtlarından özəl ali təhsil müəssisələri şəkəbəsinin yaradılması və genişləndirilməsi, eyni zamanda keyfiyyətə nəzarət tədbirlərinin görülməsi, milli gənclər siyasətinin əsasının qoyulması, Azərbaycan dilinin qorunması və inkişafı, alimlərin, elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, milli irsin öyrənilməsi və s. sahələrdəki tədbirlərin Heydər Əliyevin müstəsna faəliyyət spektrini göstərdiyi qeyd olunub.
Ulu Öndər öz xatirələrində vurğulayırdı ki, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyindən istefa verərkən iş otağımdan sovetlər birliyinin aparıcı ali məktəblərinə təhsil almağa göndərdiyim tələbələrin siyahısını özümlə götürdüm. – Hansı ki, bu siyahıda gələcək müstəqil Azərbaycanın intellektual elitası əks olunurdu deyə prof. Asəf Zamanov vurğulayıb.
Bildirilib ki, digər sahələrdə olduğu kimi hərbi təhsilə də böyük önəm verən Ümummilli Liderin düşünülmüş qərarları nəticəsində müstəqil Azərbaycan ordusunun ilkin kadr potensialı formalaşırdı.
Yekunda qeyd olunub ki, bütün bu sistemli və hərtərəfli fəaliyyət nəticəsində hazırda Azərbaycan informasiya cəmiyyəti şəraitində uğurla fəaliyyət göstərən, kosmik ölkələr qrupunun üzvü, beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunan söz sahibi dövlətdir. Ulu Öndərin qoyduğu təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad edildi, “Böyük Qayıdış” proqramına start verildi. XX əsrin əvvəllərində Məhəmməd Hadi ürək ağrısı ilə “Yox millətimin imzası imzalar içində” deyirdisə, bu gün Azərbaycanın imzası dünya miqyasında mötəbər imzalar içində yer alır.
Daha sonra mühazirə ətrafında prof. Fərrux Rüstəmov və başqaları təəssüratlarını bölüşüb, müəllim və magistrantların sualları cavablandırılıb.