Previous Next

ADPU-da Heydər Əliyevin AXC tarixinin tədqiqindəki rolu ilə bağlı elmi seminar keçirilib

Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi seminar keçrildi.
Kafedranın müdiri dosent Naibə Əhmədova seminarı giriş sözü ilə açaraq, Cümhuriyyətin yaranması və qısa müddətdə olsa da, fəaliyyətinin Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyəti olmasından bəhs etdi. Bildirdi ki, bugünkü elmi seminarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı verdiyi qərarlar, sərəncamlar, nitqlər və çıxışlarına yenidən nəzər salınmış və onların araşdırılmasının vacibliyi gündəmə gətirilmişdir. Qeyd olunub ki, məhz bu sərəncamlardan sonra AXC irsi sistemli şəkildə araşdırlmağa başlanıldı.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin böyük elmi işçisi Aygün Əzimova “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə baxışı” adlı məruzəsində Cümhuriyyət tarixinə qısa nəzər yetirilərək, görülən əhəmiyyətli işlərdən, onun Azərbaycanın dövlətçilik tarixindəki rolundan, həmçinin Heydər Əliyevin çıxışlarında Cümhuriyyətin tarixi ilə bağlı səsləndirdiyi bəzi fikirlərindən danışdı.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İctimai fənlər kafedrasının dosenti İbrahim Əliyev “Müasir Azərbaycan dövlətçiliyi və Heydər Əliyev” adlı məruzəsində Azərbaycanın çoxəsrlik dövlətçilik tarixindən bəhs edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının bu tarixin parlaq səhifələrindən biri olduğunu vurğuladı. Məruzəçi qeyd etdi ki, 1991-ci ilin sonlarında sovetlər ittifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi və 1993-cü ilin oktyabrın 3-də keçirilən ümumxalq referendumu ilə xalqın etimadını qazanan Ümummilli Lider Heydər Əliyev bu inamı doğruldaraq, Azərbaycanın iqtisadi dirçəlişi, beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkəmizin dünya birliyinə inteqrasiyası prosesində inamla irəliləməsini təmin etdi.
Tarix İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Vaqif Abışov “Zaqafqaziya Seymi və onun sənədləri” adlı məruzəsində Seymin sənədləri əsasında qeyd edib ki, 1918-ci il aprelin 22-də Zaqafqaziya müstəqilliyini elan etməsinə baxmayaraq, burada sabitliyi tənzimləmək mümkün olmamışdı. Erməni silahlı dəstələrinin türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımlar isə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir şəraitdə yaranan milli dövlət bu fəlakətlərin qarşısını aldı.
Məruzələrdən sonra müzakirələr başlandı, məruzəçilər tələbələrin suallarını cavablandırdı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search