Previous Next

Laçın rayonunun işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanəti nəticəsində baş vermişdir

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

            Martın 28-də Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Laçının işğalının AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanəti nəticəsində baş verdiyini bildirmişdir: “AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir”.

            Artıq Laçına həyat yenidən qayıdır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Dövlət başçısı Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs edərək qeyd etmişdir ki: “Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır”.

            Cənab Prezident Laçın rayonunda yeni təyin olunmuş xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələri açıqlayaraq bildirmişdir: “Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin”.

   Hal-hazırda Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırılmalıdır: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.

Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcəkdir. Artıq regionda yeni reallıq formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalı olacaqlar.

Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search