Previous Next

Rektor Aprel döyüşləri şəhidinin həyat yoldaşı ilə görüşdü

Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Aprel döyüşlərinin ildönümü münasibətilə böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə şəhid olmuş kapitan Mühüd Orucovun həyat yoldaşı, ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin Elektron resurslar və elektron kataloqun təşkili şöbəsinin kitabxanaçısı Qumru Orucova ilə görüşüb.
Görüşdə, eyni zamanda, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, İnsan Resursları şöbəsinin müdiri Qumral Qədimova və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli də iştirak edib.
Görüş əsnasında prof. C.Cəfərov Aprel döyüşlərinin müzəffər Azərbaycan ordusunun gücünün göstəricisi və böyük qələbəyə gedən yolun dönüş nöqtəsi olduğunu qeyd edib. Vurğulanıb ki, məhz bu döyüşlərdə cəsur Azərbaycan oğulları düşmənin keçilməz dediyi sədləri aşaraq, işğal altındakı torpaqlarımızın bir hissəsini azad etdi və bütün dünyaya əzmimizi bir daha nümayiş etdirdi. Rektor, bütün şəhidlərimizin ailələrinin və yaxınlarının hər birimizin diqqətində olduğunu bildirib.
Öz növbəsində Qumru xanım da, həyat yoldaşının həyatı və döyüş yolu haqqında danışaraq, daim onun adına layiq olmaq üçün öz üzərində işlədiyini, övladlarının təhsilinə xüsusi diqqət ayırdığını qeyd edib.
Qeyd edək ki, Qumru Orucova 2005-ci ildə ADPU-dan məzun olub. 2022-ci ildən ADPU-nun əməkdaşıdır. Həyat yoldaşı Mühüd Orucov 13 iyul 1984-cü ildə Qazaxda anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitan), Xüsusi təyinatlı Qüvvələrin kəşfiyyat taborunun komandiri olmuşdur. Döyüş yoldaşları onu “Mixaylo” adlandırırdı. 2016-ci ilin 2 aprel tarixində Tərtərin Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Özündən sonra iki övladı yadigar qalıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search