Previous Next

Dünyaca məhşur  "Campbell Biologiya" dərsliyi ADPU-da təqdim olundu

May ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Türkiyənin Orta Doğu Texniki Universitetinin (OTDU) "molekulyar biologiya və genetika" ixtisasının məzunu, Hollandiyanın Groningen Universiteti və Almaniyanın Rostok Universitetində elmi araşdırma işləri aparmış molekulyar mikrobioloq, genetik, "Habitat Tərcümə Layihəsi"nin həmtəsisçisi Araz Zeyniyevlə görüş keçirilib. ADPU-nun Tədris Departamentinin müdiri dosent Sənan Əliyev giriş sözü  söyləyərək, bildirib ki, elm sahələri üzrə innovativ təşəbbüslərin izlənilməsi və bu istiqamətdə mütəmadi tədbirlərin təşkili tələbələrin mütəxəssis kimi inkişafında mühüm rola malikdir və bu baxımdan ADPU-da ardıcıl işlər görülür.
Görüşdə çıxış edən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun prezidenti Sevda Haqverdiyeva qeyd edib ki, fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafına dəstək məqsədi ilə icra olunan sosial layihələrdir.
Tədbir zamanı biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edildi. “Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabı universitetin kitabxanasına hədiyyə olundu.
Layihənin rəhbərlərindən və əsərin tərcüməçilərindən olan Araz Zeyniyev kitabın necə ərsəyə gəlməsi barəsində məlumat verərək, bu tip layihələrdə sosial dəstəyin önəmini və belə fundamental əsərlərin ana dilimizə çevirməsinin vacibliyini vurğulayıb. A.Zeyniyev bildirdi ki, ilk dəfə Şimali Koliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin və "Yurt Center"in maliyyə dəstəyi ilə nəşr olunan əsərin tam külliyyatının tərcüməsi prosesi davam etdirilir. 56 fəsildən ibarət olan kitab biologiyanın bütün sahələrini əhatə edən dünyaca məhşur unikal bir əsərdir. İndiyədək əsərin 25 fəsili Azərbaycan dilinə tərcümə olunaraq nəşr olunub, eyni zamanda ödənişsiz formada elektron variantda ictimaiyyətin ixtiyarına verilib.
Sonda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimləri kitab haqqında öz təəssüratlarını bölüşüblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search