Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Əvvəlcə, universtetin foyesində əməkdaşların 2022-ci il ərzində nəşr etdikləri elmi-tədqiqat əsərlərindən ibarət sərgiya baxış keçirilib.
Açılış nitqi ilə çıxış edən Elmi Şuranın sədri, rektor professor Cəfər Cəfərov “Heydər Əliyev ili” çərçivəsində ADPU-da təşkil olunan “Heydər Əliyev dərsləri” və digər tədbirlər haqqında məlumat verib, o cümlədən şuranın ötən iclasından keçən dövr ərzində həyata keçirilən beynəlxalq səfərlər, konfrans və seminarların təşkilini yüksək qiymətləndirib. Rektor çıxışında elmi tədqiqat işlərinin keyfiyyətini artırmaqla yanaşı, dünya və region elmi və dövri təhsil mətbuatının daimi monitorinqi və təhlillərin aparılması, süni intellektin sürətli inkişafı fonunda müəllim hazırlığında yanaşmaların inkişafı, qabaqlayıcı tədbirlər görülməsi ilə bağlı situasiyanın qiymətləndirilməsi və davamlı tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.
Sonra elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov "ADPU-nun 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında" hesabatı təqdim edib. Hesabatda qeyd olunub ki, ADPU-nun elmi strukturuna 8 fakültədə fəaliyyət göstərən 34 kafedra, Magistratura və doktorantura şöbəsi, Elmi-təşkilati şöbə, Elmi-tədqiqat Mərkəzi, Tələbə Elmi Cəmiyyəti, Gənc Alimlər və Tədqiqatçılar Şurası, Kitabxana İnformasiya Mərkəzi, Nəşriyyat şöbəsi və Dissertasiya şuraları daxildir. Bu strukturlarda 2022-ci ildə 747 əməkdaş elmi-tədqiqat işlərinə cəlb edilmiş, 89 problem, 469 mövzu üzrə tədqiqat aparılmış, bunlardan 32 iş tədris prosesində tətbiq olunmuşdur.
Hedabata əsasən, ADPU-da ötən il aparılmış elmi-tədqiqat işlərinin nəticələri əsasında 1518 elmi əsər, o cümlədən, monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, proqram, beynəlxalq və Respublika konfranslarında yüzlərlə elmi məqalə və tezislər çap olunub. Ötən il Universitetdə 6 beynəlxalq, 6 Respublika elmi konfransı keçirilib. Vurğulanıb ki, universitetdə patent və lisenziya fəaliyyəti təşkil olunub, ADPU əməkdaşları tərəfindən 5 patent sənədi alınıb.
Hesabatda 2022-ci ildə ADPU-nun 36 ali təhsil müəssisəsi ilə 43 müqavilə imzaladığı və nəticədə 2021-ci ilə nisbətən elmi-tədqiqat sahəsində əməkdaşlıq edilən ali təhsil müəssisələrinin sayının 2 dəfə artdığı əks olunur. Digər vacib məqam ondan ibarətdir ki, hesabat dövründə 2022-ci il üzrə Yol Xəritəsinin icrası çərçivəsində elmi potensialın inkişafı üzrə işlərin həyata keçirilməsi məqsədilə Universitetdə çalışan professor-müəllim heyətinin elmmetrik bazalarda şəxsi profillərini yaratmaq məqsədilə maarifləndirmə aparılaraq, akademik heyətin “Google Scholar” və “Academia” bazalarında şəxsi profillərin yaradılması, elmi məqalələrin müəlliflərinin identifikasiyası üçün beynəlxalq sistemdə, əməkdaşların daha öncə çap edilmiş, lakin internettə olmayan məqalələrinin mövcud açıq akademik sistemlərdə yerləşdirilməsi üzrə işlər həyata keçirilmişdir. Qeyd edək ki, ADPU-nun 62 nəfər professor-müəllim heyətinin “Google Scholar” bazasında elmi məqalələrinə istinadetmə sayı (illər üzrə) cəmi 3045-dir. Onlardan 17 nəfəri H indeksi 5-dən yuxarı olan professor-müəllimlərdir. 23 nəfərin məqaləsinə istinadetmə isə İ10 indeksinə bərabərdir. (İ10 indeksi müəllifin ən azı 10 istinad almış məqalələrinin sayına bərabərdir). Əməkdaşlar tərəfindən son 5 ildə impakt-faktorlu jurnallarda 140 məqalə nəşr olunmuşdur. Universitetin beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü olan mütəxəssislərinin sayında da dinamika müşahidə olunur.
ADPU-da 2022/2023-cü tədris ilinin yaz semеstrinin imtahan sesiyasına hazırlıq haqqında məruzə edən Tədris Departamentinin müdiri dosent Sənan Əliyev diqqətə çatdırıb ki, Pedaqoji Universitetdə qrafikə uyğun olaraq 01 iyun – 05 iyul 2023-cü il tarixlərində, Bakı şəhəri üzrə ümumilikdə təqribən 8255 tələbə və magistrantın imtahanlarda iştirakı nəzərdə tutulur.
Daha sonra cari məsələlər müzakirə olunub. Rektorun müşaviri Ümid Mehdiyev Universitetin publik-hüquqi şəxs statusu alması ilə bağlı ADPU-nun iclas salonlarının icarə haqlarının müəyyənləşdirilməsi, idarəetmədə çevikliyi təmin etmək məqsədi ilə müvafiq strukturlar əsasında Hüquq şöbəsi və Əqli mülkiyyətin qorunması şöbəsinin yaradılması və sosial həssas təbəqədən olan tələbələrin təhsil haqqlarına güzəşt edilməsi ilə bağlı məruzə edib.
Çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev ADPU-da ictimaiyyətlə əlaqələr və marketinq işinin təkmilləşdirilməsi və çevikləşdirilməsi üçün tətbiq olunacaq, təkmilləşdirilmiş qayda və təlimatları şura üzvlərinin diqqətinə çatdırıb. Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova isə fakültədə fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzinin universitetin korpuslarında tələbə və əməkdaşlara ximət imkanlarını artırmaq məqsədi ilə mərkəzin yeni əsasnaməsini təqdim edib.
Gündəlikdəki məsələlərlə bağlı müzakirələr aparılıb, sual, təklif və əlavələr dinlənilib. Yekunda səs çoxluğu ilə hesabat və təkliflər müsbət qiymətləndirilərək qəbul olunub.