Mayın 22-də Quba Rayon İcra Hakimiyyəti, Quba Rayon Məhkəməsi, Quba Rayon Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon şöbəsi, Quba Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində "Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və hüquq
islahatlarının aparılmasında Heydər Əliyevin rolu" mövzusunda elmi konfrans keçirilib.
Öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyyəddin Əliyevin, rayon hüquq-mühafizə orqanları rəhbərləri və filial direktorunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol üzrə universitet birinciliyinin qalibləri mükafatlandırılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyevin moderatorluğu ilə konfrans açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib.
Konfransın rəsmi hissəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əhatəli giriş nitqi ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti və şəxsi həyatı haqqında məlumat verib. Daha sonra Quba rayon prokuroru Namiq Muradov “Azərbaycanda dövlət quruculuğu istiqamətində hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyev amili", Quba Rayon Məhkəməsinin sədri Samir Məmmədov “Heydər Əliyev və Azərbaycanda məhkəmə və ədliyyə sisteminin inkişafında yeni mərhələ”, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon şöbəsinin rəisi Elcan Süleymanov “Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşmasında Heydər Əliyevin rolu”, Özbəkistanın İpək Yolu Tədqiqatlar Akademiyasının rəhbəri professor Azamat Akbarov “Ulu Öndər Heydər Əliyev və Özbəkistan: Beynəlxalq perspektivdən baxış” mövzularında məruzələr edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində və beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsində göstərdiyi misilsiz xidmətlərdən bəhs etdilər.
Rəsmi hissədən sonra filial tələbələri və Quba Uşaq İncəsənət Məktəbinin skripka qrupunun ifasında bədii hissə başladı.