Previous Next

28 May – Müstəqillik Günü münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki

Hörmətli həmkarlar! Əziz tələbələr!

28 May – Müstəqillik Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.

Qədim və zəngin dövlətçilik tarixinə malik olan, dünya xalqları arasında özünə layiqli yer tutan Azərbaycan xalqı XX əsrin əvvəllərində formalaşmış çətin və mürəkkəb tarixi şəraitdə müsəlman şərqinin ilk demokratik respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bununla da müasir dövlətçilik mərhələ­si­­­nin təməli qoyuldu, onun inkişaf tarixində yeni səhifə açıldı.

İnamla demək olar ki, Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də İstiqlal Bəyan­na­mə­sini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini dirçəltmişdir. Qısa dövr ərzində Azərbay­canın milli hökuməti və ilk parlamenti qurulmuş, dövlət atribut­ları təsis edilmiş, sərhədləri müəyyən olun­muş, dövlət quruculuğu sahəsində digər mühüm təd­bir­lər həyata keçirilmişdir. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqa­mə­­tində bir sıra vacib addımlar atılmışdır.  

Biz bu gün qürurla bildiririk ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikası tarixə müsəlman şərqinin ilk demokratik dövləti kimi düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Təsadüfi deyil ki, onun yaranmasının elan edildiyi 28 may tarixi hazırda ölkəmizdə dövlət müstəqil­liyinin qazanılması günü – Müstəqillik Günü kimi qeyd olunur.

Sevindirici haldır ki, bu il Müstəqillik Gününü həm də ölkəmizdə geniş keçirilən “Heydər Əliyev ili”ndə bayram edirik. Bu hadisənin özü də simvolik məna daşıyır. Belə ki, 2023-cü ildə 100 illik yubileyi tamam olan müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyev Cümhuriyyət banilərinin arzularının gerçəkləşməsinə mühüm töhfələr verərək, Azərbaycan Respubli­ka­sının dövlət müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə öz yerini tutması sahəsində misilsiz xidmətlər göstərmişdir.

 Ulu öndərin yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də milli dövlətçilik ənənələrinə söykənərək müstəqilliyin siyasi və iqtisadi dayaqlarının, ölkənin geosiyasi mövqelərinin gücləndirilməsi məqsədilə qətiyyətli siyasət yeridir. Xalqımızın tarixi yaddaşına böyük ehtiram göstərən cənab Prezidentin sərəncamı ilə 2018-ci il  ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş, onun tarixinin tədqiqi və təbliği istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.

Ali baş komandan İlham Əliyevin müzəffər rəhbərliyi ilə Vətən müharibə­sində şanlı Zəfər qazanan Azərbaycan öz ərazi bütövlüyünün bərpasına nail oldu və suveren hüquqlarını bərqərar edərək müstəqilliyimizin daha dolğun məzmun kəsb etməsinə yeni tarixi şərait yaratdı. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik... Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”, - deyən Prezident İlham Əliyevin çoxşaxəli, ardıcıl və yenilikçi fəaliyyəti müstəqil dövlətimizin sürətli inkişafı yolunda geniş perspek­tivlər açır, gələcəyə olan inamımızı daha da artırır.

Əziz həmkarlar və tələbələr!

Sizi bir daha əlamətdar bayram münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımızın rifahı, dövlətimizin tərəqqisi üçün şərəfli müəllimlik yolunuzda yeni uğurlar diləyir, yaxınlaşan imtahan sessiyasında bütün tələbələrimizə müvəffəqiy­yətlər arzulayıram.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search