Previous Next

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun təbriki!

Hörmətli həmkarlar və tələbələr!

 Sizi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsis olunmuş bu əlamətdar gün 100 illik yubileyini böyük coşqu ilə qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkəmizin ictimai-siyasi sabitlik və inkişaf yoluna qədəm qoyması ilə bağlıdır. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, öz ölkəsinə iki dəfə, kəskin fərqli sosial-iqtisadi və siyasi sistem şəraitində uğurla liderlik edib.

Düz 30 il bundan əvvəl Ulu öndər Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş, amma ağır sosial-iqtisadi və hərbi-siyasi problemlərlə üzləşmiş respubli­ka­mızda hakimiyyətə qayıdaraq Azərbaycan xalqını vətəndaş müharibəsi təhlükə­sindən, milli dövlətçiliyi isə iflasa uğramaqdan xilas etdi. Belə ki, Azərbaycanı fəlakətə sürükləyən böhranlı günlərdə xalqın təkidli çağırışına səs verən Ulu öndər ölkə parlamentinin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında milli dövlətçiliyin gələcək inkişaf strategi­yasını təqdim etdikdən sonra ali qanunverici orqan olan Ali Sovetin sədri seçildi. Bununla da uzun illər davam edən ictimai-siyasi gərginliyin, hökm sürən  hərc-mərcliyin və qarşıdurma proseslərinin aradan qaldırılması, ölkənin inkişaf yoluna çıxarılması üçün real şərait yarandı. Ümummilli lider Heydər Əliyevin ona güvənən bütün xalqı öz ətrafında səfərbər etməsilə ölkəmiz dərin siyasi uçurumdan, vətəndaş müharibəsi girdabından və parçalanma təhlükəsindən qurtuldu. Buna görə də həmin gün haqlı olaraq Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.

Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub möh­kəm­ləndirmək, suverenliyi bərqərar etmək idi. Ulu öndərin iradəsi sayəsində bu vəzifələrin reallığa çevrilməsi ilə bağlı qətiyyətli addımlar atıldı. Azərbaycanın milli dövlətçiliyinin inkişafı konsepsiyasını yaradan Heydər Əliyev bütün maneələrə baxmayaraq, qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyin bərpasına, iqtisadi tərəqqiyə və onun beynəlxalq mövqelərinin güclənməsinə nail oldu.

 

 

Əziz həmkarlar və tələbələr!

Ölkəmiz Ümummilli liderin formalaşdırdığı möhkəm təməl üzərində, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə sürətli inkişaf və modernləşmə mərhələsinə qədəm qoyub. Ulu öndərin kursunu ardıcıl davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol 2020-ci ildə xalqımızın Böyük Zəfəri ilə daha bir müqəddəs ünvanına yetişdi. 

Bu gün hər birimiz fəxr edirik ki, Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü ədalətli və qalibiyyətli müharibə ilə bərpa edə bilmiş ilk və yeganə ölkədir. Hazırda xalqımız Ulu öndərin 100 illik yubileyi işığında Milli Qurtuluş Gününü günü-gündən çiçəklənən doğma Qarabağ torpağında – Şuşada qeyd edir.

Bir daha hər birinizi böyük fərəh hissi ilə müstəqil dövlətçilik tariximizdə əlamətdar yer tutan bayram münasibətilə təbrik edir, fədakar pedaqoqlarımıza ölkəmizin gələcəyi naminə şərəfli və məsuliyyətli peşələrində əzmkarlıq və yeni nailiyyətlər, əziz tələbələrimizə geniş biliklər əldə etmək yolunda təşəbbüskarlıq və inadkarlıq, hazırda davam edən yay imtahan sessiyasında uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search