Previous Next

ADPU-nun rektoru Biləsuvarda son zəng və bayram tədbirinə qatıldı

İyunun 14-də Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Növbəti stansiya: GƏNCLİK” mövzusunda keçirilən son zəng tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatlarının rəhbərləri, Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, Kompleksin kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Kompleksin icraçı direktoru Aqşin Bağırov tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik edərək, onlara müstəqil həyatda uğurlar arzulayıb, gələcək karyera və təhsillərində müvəffəqiyyət diləyib. Rektor vurğulayıb ki, bu yaxınlarda Təhsil Kompleksinin rəhbərliyi ADPU-nun qonağı olub və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra təhsildə uğur qazanan məzunlar təltif olunublar.
Kompleksin şagirdlərinin hazırladıqları bədii hissə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Rektor Cəfər Cəfərov və prorektor Eldar Aslanov səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi-praktik konfransa da qatılıblar.
Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açılış nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ciddi  hakimiyyət böhranı yaranmışdı. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Azərbaycan dövləti həmin  böhrandan məhz zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas oldu. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı, Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi.
Tədbirdə çıxış edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yolu, hər kəsə nümunə olan fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən söz açaraq qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələr üzrə inkişafa nail olundu, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, iqtisadi tənəzzülə son qoyuldu, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradıldı, elm, təhsil, mədəniyyət, səhiyyə sahələrində yeni inkişaf dövrünə qədəm qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmiş  Azərbaycan xalqı bu gün öz dövlət müstəqilliyini, Respublikasını göz bəbəyi kimi qoruyaraq, onu daha da möhkəmləndirir və gələcəyə doğru inamla aparır. Bu ali işdə cəmiyyət həyatının bütün üzvləri kimi fədakar müəllimlərimiz də xüsusi rol oynayır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search