Previous Next

ADPU-nun Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramının ikinci məzun buraxılışı keçirildi

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) tanınmış ali təhsil ocaqlarından olan Corc Vaşinqton Univereiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının ikinci məzun buraxılışı günü keçirilib. Bakı şəhərində təşkil olunan mərasimdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, “BP Azərbaycan” şirtətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin, habelə diplomatik korpusun, özəl sektor nümayəndələri, ali və orta ixtisas təhsili müəssiələrinin rəhbərləri, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak ediblər.
Əvvəlcə təntənəli məzun himninin sədaları altında universitetlərin bayraqları zala gətirildi, proqramın müəllim və tələbələri zala daxil oldular və proqramla bağlı videoçarx nümayiş olundu.
Mərasimdə açılış nitqi söyləyən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir neçə ali təhsil müəssisələlərində ikili diplom proqramları təsis edilib ki, bu proqramlardan ilki məhz Pedaqoji Universitet ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında imzalandı.
Rektor vurğuladı ki, 3 ildir icra olunan proqramdan ötən il ilk məzun olan 22 nəfər indi təhsil və ölkə iqtisadiyyatının müxtəlif sahələrində, özəl və dövlət sektorunda, eləcə də ictimai sektorda uğurla fəaliyyət göstərir. Bu gün isə proqramı uğurla başa vuran növbəti 19 nəfərin məzun buraxılışını qeyd edirik.
Prof. Cəfər Cəfərov diqqətə çatdırdı ki, XXI əsrdə milli-mənəvi dəyərlərə bağlı, yaradıcı təfəkkürlü və müasir dünyagörüşlü, dərin savadlı və praktik səriştəli, rəqəmsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək hədəfinə çatmaq üçün proqram ADPU-nun təcrübəsini Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki zəngin təcrübəsi ilə birləşdirmək, bu təcrübəni təhsilimizə inteqrasiya etdirmək fürsəti yaradır.
Çıxışda vurğulandı ki, proqram məzunları yerli mütəxəssislərlə yanaşı, ABŞ-nin tanınmış professor-müəllim heyəti tərəfindən “təhsil siyasəti və idarəetməsi” üzrə mükəmməl təlim alaraq, zəruri kompetensiyalara yiyələniblər. Bu bacarıqların Azərbaycanda elmin və təhsilin inkişafına ciddi töhvələr verəcəyinə inanırıq.
Sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin məzunları təbrik etdi.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil idarəçiliyi sahəsində beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi və bu sahədə yüksək səviyyəli gənc mütəxəssislərin hazırlanmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq, proqramın icrasını bu baxımdan yüksək qiymətləndirdi. Nazir qeyd etdi ki, təkcə son beş-altı ildə bir neçə Azərbaycan universitetləri ilə nüfuzlu xarici universitetlər arasında ikili diplom proqramlarıın icrası nəticəsində ölkəmizin yüzlərlə potensiallı gənclərinə Azərbaycanı tərk etmədən, dövlət hesabına nüfuzlü universitetlərdə təhsil almaq imkanı yaradılıb. Emin Əmrullayev bildirdi ki, ADPU-CVU ikili diplom proqramı üzrə ümumilikdə 130-a qədər gəncimizin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssislər kimi yetişdirilməsi gözlənilir.
Daha sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyerin videotəbriki nümayiş olundu.
Sonda “Təhsil siyasəti və idarəetməsi” üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2022/2023-cü tədris ili məzunlarına fəxri diplomlar təqdim olunub.
Qeyd edək ki, Pedaqoji Universitetin Corc Vaşinqton Universiteti ilə “Təhsil siyasəti və idarəetməsi” üzrə birgə ikili diplom magistr proqramı artıq 3 ildir icra olunur və cari ildə də proqrama 40 nəfərin qəbulu nəzərdə tutulur. Proqram Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Dövlət proqramlarının idarəetmə qrupunun dəstəyi ilə həyata keçirilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search