Previous Next

ADPU Azərbaycanda Beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarını təşkil edir

İyulun 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə, Şura üzvləri universitetin foyesində Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının sabiq əməkdaşı, mərhum dosent Hüseyn Hüseynovun ailəsi tərəfindən ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunan şəxsi kitabxanasından ibarət sərgi ilə tanış olublar. Qeyd edək ki, alimin universitetə hədiyyə olunan ümumilikdə 304 nüsxədən ibarət kitabları içərisində Azərbaycan, rus və fars dilində əsərlər var.

İclası giriş nitqi ilə açan rektor professor Cəfər Cəfərov ötən dövr ərzində baş verən yeniliklərdən söz açaraq, qarşıda duran vəzifələrdən danışıb. Rektor universitetin imicinin yüksəldilməsi üçün icra olunan kompleks tədbirlərdən bəhs edərək, bu kimi fəaliyyətlərin davamlı olmasının vacibliyini vurğulayıb.

Nitqinin sonunda rektor Analitik kimya və kimyanın tədrisi texnologiyası kafedrasının əməkdaşı İsa Cəfərova dosent attestatını təqdim edib.

Daha sonra elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov “2022/2023-cü tədris ili üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi və yay imtahan sessiyasının yekunları barədə”, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev isə “2022/2023-cü tədris ili üzrə bakalavrların yaz imtahan sessiyasının və buraxılış işlərinin müdafiəsinin yekunları barədə”  hesabatları təqdim ediblər. Hesabatlarda qeyd olunur ki, ADPU-da cari ilin yay imtahan sessiyası ərzində bakalavriat səviyyəsi üzrə 10 014, magistratura səviyyəsində 333 nəfər (I tədris ili) olmaqla, ümumilikdə 10 347 nəfər tələbə imtahanlarda iştirak edib. İmtahan sessiyasının yekunlarına əsasən, tələbələrin bakalavriat səviyyəsində müvəffəqiyyət göstəriciləri 86 %, keyfiyyət göstəriciləri 59 %, magistratura səviyyəsində isə müvafiq olaraq 81 % və 72 % təşkil edib. 2023-cü ildə ADPU-nun magistraturasından “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” ixtisaslaşması üzrə 23 nəfər, MBA (Təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə isə 39 nəfər məzun olub. Magistrlik dissertasiyası müdafiə edən 266 nəfərdən 76 faizi 91-100 arası bal alıb, magistrantların 42 faizi isə fərqlənmə diplomu ilə məzun olublar.  

Daha sonra strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva ADPU-nun Strateji İnkişaf Mərkəzi (SİM) tərəfindən ölkəmizdə icra olunan TALIS, TIMSS və ICILS beynəlxalq qiymətləndirmə tədqiqatları haqqında geniş hesabatla çıxış edib. Qeyd olunub ki, Azərbaycan 2023-cü ildə TIMSS və ICILS tədqiqatlarının əsas, TALIS 2024 tədqiqatının isə sınaq mərhələsində iştirak edib. TALIS İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən müəllimlərin və məktəb direktorlarının məktəblərdəki iş şəraitinə və öyrənmə mühitinə istiqamətlənən ilk beynəlxalq sorğudur. Ölkəmizin ilk dəfə qoşulduğu bu tədqiqatla bağlı SİM tərəfindən ilin əvvəlindən başlayaraq, Respublika üzrə müəllim və direktorlarla onlayn görüşlər təşkil olunub, yekunda, ümumilikdə 1348 müəllim sorğuya cəlb olunub.

Ölkəmiz ilk dəfə 2011-ci ildə TIMSS (Riyaziyyat və təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə tədqiqatı) tədqiqatında iştirak edib. 4 ildən bir keçirilən bu beynəlxalq tədqiqatda orta məktəblərin IV və VIII sinif şagirdləri iştirak edir. Cari ildə ADPU SİM tərəfin TIMSS 2023 tədqiqatı ilə bağlı seçilmiş 199 məktəbin 234 sinifində IV sinif, seçilmiş 246 məktəbin 339 sinifində isə VIII sinif şagirdləri üçün imtahanlar təşkil olunub. Bununla bağlı əvvəlcə, bir neçə ay ərzində seçilmiş ADPU tələbələri, müəllimlər, şagirdlər və koordinatorlar üçün müvafiq təlimlər təşkil olunub.

ICILS (Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) 2013-cü ildən təşkil olunur. Azərbaycan ilk dəfə 2023-cü ildə bu tədqiqata qatılıb. ADPU SİM tərəfindən ICILS 2023 qiymətləndirmə tədqiqatının əsas mərhələsi üzrə təhsilverənlər və təhsil alanlar üçün təlim proqramları hazırlanıb və keçirilib, Naxçıvan MR və regionlarda imtahanlar həyata keçirilib. Komanda tərəfindən cari ay ərzində açıq sualların yoxlanılması prosesi icra olunur.

Qeyd edək ki, beynəlxalq şagird qiymətləndirmə tədqiqatları üzrə Milli Qiymətləndirmə koordinatoru, ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva TIMSS və ICILS 2023 tədqiqatları ilə bağlı Çexiya və Portuqaliyada işgüzar səfərlərdə olub.

Yekunda Şura təqdim olunan hesabatların qəbulu və “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişafının bəzi məsələləri” məqalələr toplusunun nəşri, eləcə də, cari məsələlərlə bağlı müvafiq qərarlar qəbul edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search