ADPU nümayəndə heyəti ECAR layihəsi çərçivəsində İspaniyada səfərdə olub
Bakı Biznes Univeristetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərində baş tutub. 10-14 iyul tarixlərini əhatə edən səfərin əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir.
Səfərdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Nazirliyin Elm sektorunun müdiri Turxan Süleyman, o cümlədən, layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edib.
Bir həftə müddətində davam edən təlim-seminarların ilk günü Charles III Universitetində öz işinə başlayıb. Tədbirdə İspaniya Rektorlar Konfransının baş katibi Maria Teresa çıxış edərək, Azərbaycan nümayəndə heyətini salamlayıb və İspaniyada görməkdən məmnun olduqlarını qeyd edib.
Daha sonra Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli nümayəndələr adından İspaniyalı həmkarları salamlayıb və sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. N.Məmmədli ali təhsil müəssisələrinin inkişafına verdiyi töhfələr baxımından ECAR layihəsi və digər beynəlxalq layihələrin xüsusi önəmindən bəhs edib.
Layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov layihənin mühüm tərəfdaşlarından biri kimi İspaniya Rektorlar Konfransına öz təşəkkürünü bildirib və əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Rektor təhsilin qarşısında duran mühüm vəzifələrdən söz açıb və bu məqsədlə beynəlmiləlləşmə və inteqrasiyanın yüksək əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Çıxışlardan sonra İspaniya Rektorlar Konfransının baş katibi Maria Teresa Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində Konfransın yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqimat nümayiş etdirib və sualları cavablandırıb.
İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi prof. Angela Alcala isə məzmunlu təqdimatla çıxış edərək, İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən, sektorlararası münasibətlər və koordinasiyanın vacibliyindən danışıb.
Layihənin sonuncu görüşündə Azərbaycan Dövlət Pedaqoji Universitetini ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d. Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli təmsil edib.
Yekunda sual-cavab sessiyası baş tutub, xarici ekspertlərlə faydalı fikir mübadilələri aparılıb.