Previous Next

ADPU-da “Sarı gəlinin sorağında” filminin təqdimatı keçirilib

Dekabrın  21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış “www.western-azerbaijan.az”  saytının və “Sarı gəlinin sorağında” adlı tammetrajlı sənədli filmin təqdimat mərasimi keçirilib. Mərasimdə İttifaqın və Mərkəzin rəhbərliyi, ADPU-nun professor-müəllim heyəti və tələbələri iştirak edib.
ADPU-nun Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluğu ilə baş tutan mərasim Ulu Öndər Heydər Əliyevin  və ölkəmizin  suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsininin yad edilməsi ilə başlanıb. 
Giriş nitqi ilə çıxış edən Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov layihə çərçivəsində növbəti təqdimatın ADPU-da keçirilməsinə görə qonaqlara təşəkkürünü bildirib, antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra daha da aktuallaşan Qərbi Azərbaycana  qayıdış məsələsinin vacibliyindən söz açıb.
 Daha sonra çıxış edən saytın yaradıcısı və filmin ssenari müəllifi Füzuli Sabiroğlu sayt və onun əhəmiyyəti haqqında məlumat verib. Filmin rejissoru Mübariz Nağıyevin film haqqında çıxışından sonra  film nümayiş olunub. 
Xatırladaq ki, süjet xətti  “Sarı gəlin” xalq mahnısının və Hikmət Babaoğlunun “Akdamardan Sarı Gəlinədək erməni yalanı” əsərinin motivləri üzərində qurulan   “Sarı gəlinin sorağında” sənədli filminin yaradıcılarının əsas məqsədi Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliği, son 200 ilə yaxın dövrdə  ermənilərin bu irsin məhv edilməsi yönündəki fəaliyyətlərinin ifşasıdır.
Qeyd edək ki, filmin elmi məsləhətçiləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, f.f.d. Əziz Ələkbərli və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.f.d. Cəbi Bəhramovdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search