Previous Next

Pedaqoji Universitetin Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib

İyunun 13-də Bakı Konqres Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universiteti ilə birgə “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə ikili diplom magistr proqramının ilk buraxılışına həsr olunmuş məzun günü mərasimi keçirilib.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun, özəl sektor və QHT-lərin nümayəndələri, ali və orta ixtisas təhsili müəssiələrinin rəhbərləri, ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti, Corc Vaşinqton Universitetinin nümayəndələri, proqramın məzunları və onların ailə üzvləri iştirak ediblər.

CVU-nun proqram direktoru Sevinc Məmmədovanın moderatorluğu ilə keçirilən mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, dövlət proqramına əsasən xarici ali təhsil müəssisələri ilə imzalanan ikili diplom proqramlarının ilki məhz  ADPU və CVU arasında reallaşan proqramdır. Hazırda proqram üzrə iki kursda 50 nəfər təhsil alır. Proqram üzrə tələbələr tam ödənişsiz təhsil alırlar. Bu ildən etibarən proqrama qəbul planı 25 yerdən 40 yerə qaldırılıb. Proqramda dərslər ADPU və CVU-nun təcrübəli professor-müəllim heyəti tərəfindən ingilis dilində aparılır.

Rektor bildirib ki, ilk ildə ayrılmış 25 yer üzrə proqrama qəbul olunan 24 nəfərdən 22 nəfər magistrant bu gün uğurla proqramdan məzun olurlar və onlar Azərbaycanda ilk dəfə olaraq ADPU-nun magistr diplomu ilə yanaşı CVU-nun “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi də alırlar.

Prof. C.Cəfərov çıxışında vurğulayıb ki, son illər Pedaqoji Universitet müəllim hazırlığı sahəsində məzmun, infrastruktur, professor-müəllim heyətinin səriştələrinin artırılması yönündə ardıcıl islahatlar aparır. Universitet olaraq XXI əsrin çağırışlarını və dövlətin milli prioritetlərini əsas tutaraq milli dəyərlərə yiyələnmiş, vətəpərvər, rəqəmsal və xarici dil bacarıqlı, yaradıcı səriştəli müəllim kadrlarının hazırlanması əsas hədəfimizdir.

Rektor proqramın ərsəyə gəlməsindəki dəstəyinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Fonduna, Dövlət Proqramının işçi qrupuna, İkili Diplom Proqramının müəllim və idarə heyətinə təşəkkürünü bildirərək ilk məzunlar və onların ailə üzvlərini təbrik edib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev bildirib ki, bugünkü buraxılış mərasimi özünün tarixi əhəmiyyəti ilə seçilir. Çünki bu proqram Azərbaycan dövləti və hökumətinin təhsilin inkişafı ilə bağlı gördüyü işlərin bir göstəricisidir. Azərbaycan cəmiyyəti, iqtisadiyyatı üçün ixtisaskı mütəxəssislərin hazırlanması məqsədi ilə həyata keçirilən bu və bu kimi proqramların təsirləri gələcəkdə milli təhsil sektorumuzun inkişafında və minlərlə insanların həyatında özünü göstərəcək.

Çıxış edən CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin də öz növbəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edərək məzunları təbrik edib.

CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin  dekanı dr. Maykll Foyer isə videomüraciət formatında öz təbriklərini tədbir iştirakçıları ilə bölüşüb.

Mərasimin yekununda əhsil naziri Emin Əmrullayev, rektor prof. C.Cəfərov və prof. C.Green məzunlara fəxri diplomlarını təqdim ediblər.

Qeyd edək ki, proqram Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 31 yanvar 2020-ci ildə ADPU və CVU arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyələşdirilən ikili diplom proqramı ADPU-da təhsil sahəsində beynəlxalq dərəcəli magistr idarəçilərin yetişdirilməsi məqsədi ilə icra olunur.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin