Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2023-cü ilin ilk aylarından başlanan “Heydər Əliyev dərsləri” müxtəlif fakültə və qruplarda davam etdirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən dərslərdə, bir qayda olaraq, universitetin birinci kurs tələbələri iştirak edirlər.
Aprelin 16-da Tarix və coğrafiya fakültəsinin daha 2 qrupunda analoji dərs baş tutub. Fakültənin sosial iş ixtisası tələbələrinin iştirak etdiyi məşğələ mərkəzin müdir müavini Murad Cabbarlının məruzəsi ilə başlayıb. Ulu Öndərin Azərbaycan tarixindəki yeri və roluna həsr olunmuş çıxışdan sonra dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər slayd şəklində təqdim olunub.
Dərsin növbəti hissəsi ekskursiya ilə davam edib. Mütəxəssis Tərlan Ağayev mərkəzdə nümayiş olunan eksponatlar, arxiv sənədlərinin surətləri və fotoşəkillər haqqında tələbələrə məlumat verib.
Daha sonra iştirakçılar H.Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş qısametrajlı sənədli filmi izləyiblər. Sonda tələbələrə suallar təqdim olunub. İştirakçıların fəallığı ilə keçən bu hissədə mövzu ətrafında qarşılıqlı sual-cavab və diskussiya aparılıb.
Bununla da, Tarix və coğrafiya fakültəsinin birinci tədris ili qruplarında “Heydər Əliyev dərsləri” başa çatıb. Növbəti həftədən etibarən dərslər universitetin digər fakültələrində davam etdiriləcək.