Previous Next

ADPU-nun qəbul planı artıb - yeni tədris ilində 2705 nəfər tələbə qəbul ediləcək

Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi Şuranın sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən iclasdan cari dövrədək universitet daxilində icra edilən layihə və tədbirlər, universitet əməkdaşlarının, həmçinin tələbələrinin yerli və beynəlxalq sferada əldə etdikləri nailiyyətləri barədə məlumat verib.

Əvvəlcə, uzun illər ADPU-nun tədris işləri üzrə prorektoru olmuş professor Məlikməmməd Cəbrayılovun 80 illik yubileyi münasibətilə prof. Cəfər Cəfərov yubliyara fəxri fərman təqdim edib, onun təhsil sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətindən söz açıb. Sonra prof. M.Cəbrayılov göstərilən diqqətə görə təşəkkür edib, öz təəssüratlarını bölüşüb. Universitet Həmkarlar İttifaqı Komitəsi tərəfindən ona xatirə hədiyyəsi təqdim olunub.

Rektor diqqətə çatdırıb ki, ötən dövr ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci illiyi  geniş şəkildə qeyd edilib, Fəxri xiyabana ziyarət təşkil olunub. Qeyd edilib ki, dövlət rəsmiləri və təhsil ictimaiyyətinin nüfuzlu şəxslərinin iştirakı ilə ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da keçirilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib, “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb, universitetdə Xüsusi təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib, Türkiyə və Özbəkistanın ali təhsil müəssisələrinin təmsilçiləri universitetdə səfərdə olublar.

Prof. Cəfər Cəfərov ADPU-nun bakalavriat səviyyəsi üzrə təsdiq olunmuş qəbul planını Şura üzvlərinə təqdim edib. Qeyd edilib ki, növbəti tədris ili üçün Pedaqoji Universitetə ayrılmış plan yerlərinin sayı 2705-dir. Yeni tədris ilində 7 ixtisasda ingilis bölməsi, 11 ixtisasda rus bölməsində kadr hazırlığı davam etdiriləcək. Rektor qeyd edilən dövr ərzində elmi ad almış filologiya üzrə fəlsəfə doktoru Əntiqə Qəhramanovaya dosent attestatını, universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında uğurla təmsil edən tələbələrə isə təşəkkürnamələrini təqdim edib.

Daha sonra Tədris departamentinin direktoru dos. Sənan Əliyev 20242025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib. S.Əliyev qeyd edib ki, yaz semestrinin imtahan sessiyası 2 iyun - 4 iyul 2025-ci il tarixləri aralığında keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Bakalavriat səviyyəsi üzrə Buraxılış Yekun Dövlət Attestasiyalarının 23 -2 4 iyun 2025-ci il,  magistratura səviyyəsi üzrə isə 16 - 30 iyun 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Hazırda imtahan sessiyasına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Sonra Şura işini cari məsələlərin müzakirəsi ilə davam etdirib. Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Təhsildə menecment və yeni təlim texnologiaları” Magistranların VIII Respublika elmi konfransının materiallarının nəşrinə icazə  verilməsi, Tədris departamentinin direktoru dosent Sənan Əliyev dərs vəsaitlərinin nəşrinə icazə verilməsi barədə, Elmi katib r.ü.f.d. Nərminə Abdullayeva isə Kimya və biologiya fakültəsində, Şamaxı və Cəlilabad filiallarında yeni ixtisasların açılması ilə əlaqədar İşçi qrupunun yaradılması barədə təkliflərlə çıxış edib.

Sonda təklif edilən məsələlər səsə qoyularaq qəbul edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search