Previous Next

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriki!

Hörmətli müəllimlər,
Sizi sizin gününüz, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizlər xalqın və dövlətin taleyini çiyinlərində daşıyan, böyük mütəfəkkir Nəsrəddin Tusinin qeyd etdiyi kimi, “insan inşa edən mühəndis”lərsiniz. Bu əlamətdar gün bir çox ölkədə, eləcə də Azərbaycanda təntənə ilə qeyd edilir. Çünki müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır. Cəmiyyətin inkişafı məhz onun təhsilindən başlayır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müəllimlərə ən yüksək dəyəri verərək “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram!” deyirdi. Pedaqoji Universitet ailəsi ilə görüşlərinin birində ulu öndər “Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir” deyərək müəllimliyin və müəllim hazırlamağın necə vacib, müstəsna və məsuliyyətli bir iş olduğunu vurğulamışdı.
Azərbaycanda təhsilə verilən qiymət, qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan uğurlu təhsil siyasəti nəticəsində təhsilin keyfiyyətcə, məzmunca yenilənməsinə səbəb oldu. Uzaqgörən təhsil siyasəti nəticəsində bu gün müəllimlik peşəsinin nüfuzu xeyli artmışdır.
Bu müddət ərzində ADPU da bu inkişafdan kənarda qalmamışdır. Pedaqoji Universitetdə müasir STEAM, İnklüziv təhsil və kompüter laboratoriyaları yaradılmış, “bp Azərbaycan” şirkətinin dəstəyi ilə ən müasir elektron kitabxana mərkəzi yaradılaraq tələbələrin ixtiyarına verilmişdir.
Universitet tarixində ilk dəfə olaraq ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti ilə birgə magistr ikili diplom proqramı 2020-ci ildən uğurla həyata keçirilir. Bu gün Pedaqoji Universitetdə Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır.
Bütün bunların nəticəsidir ki, bu il ADPU-nun qəbul planı 100 faiz dolmuşdur. Ümumilikdə, universitetin filialları ilə birgə cari ildə tələbə qəbulu 98 faiz təşkil edir. Bizi seçənlər arasında ölkənin ən gənc abituriyenti, 600-dən yüksək bal toplayan abituriyentlərin olması da Pedaqoji Universitetə və buradakı keyfiyyətli, şəffaf tədris mühitinə cəmiyyətdəki etimadın göstəricisidir.
Əziz müəllimlərimiz,
Bu gün sizin üzərinizə daha proqressiv və mürəkkəb vəzifələr düşür. Siz rəqəmsal transformasiya dövrünün tələblərinə uyğun qalib ölkənin rəqabətqabiliyyətli müəllimlərini hazırlamalısınız. Bunun üçün öz üzərimizdə durmadan çalışmalı, fundamental tədqiqatlar apararaq dünya trendlərinə çevik milli pedaqoji cavab reaksiyaları hazırlamalıyıq.
Dəyərli tələbələrimiz,
Sizlər isə yeni dövrün müəllimləri olaraq fəaliyyət göstərəcəksiniz. Ona görə də sizləri təcrübəli müəllimlərinizdən maksimum faydalanmağa, ənənələri mənimsəyib milli-vətənpərvər ruhlu sağlam vətəndaş, eyni zamanda yenilikləri, dünya trendlərini izləyərək ixtisasınızdan asılı olmayaraq İT və xarici dil biliklərinizi daim artıran, yüksək ünsiyyət bacarığına malik olan əsl mütəxəssis kimi formalaşmağa çağırıram.
Bu çətin və şəfərli işdə bütün müəllimlərimizə, tələbələrimizə və təhsil işçilərimizə uğurlar arzulayır, hər birinizi Beynəlxalq Müəllimlər Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Bayramınız mübarək, fədakar müəllimlər!

 

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin