Previous Next

Milli Qəhrəmanın tələbə qızı: “Atamın arzusunu yerinə yetirib şagirdlərə vətən sevgisini aşılayacağam.”

Müsahibim Azərbaycanın Milli Qəhrəmanı, “Zəfər” ordenli Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Həmidovadır. Əzizə bu il qəbul imtahanlarında iştirak edərək uğurlu nəticə əldə edib və ali məktəb seçimlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai sinif müəllimliyi ixtisasını seçib. Sentyabrın 6-da Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov Əzizə və ailəsini qəbul edərək, Əzizə kimi gənclərimizin bizə qəhrəmanlarımızın əmanəti olduğunu vurğulayıb.

Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub.

2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində böyük şücaət göstərən Şükür Həmidov  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb və vaxtından əvvəl polkovnik rütbəsi alıb. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərən Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub və o, Qubadlının bir neçə kəndinin azad edilməsi əməliyyatlarında iştirak edib.

Milli Qəhrəman Şükür Həmidov 2020-ci ilin 22 oktyabrında Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Vətən müharibəsindəki şücaətlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

  • Xoş gördük, Əzizə! Səninlə söhbətləşmək həm olduqca çətin və məsuliyyətli, həm də qürurvericidir. İstərdik, ailəniz, atan haqqında xatirələrini bölüşəsən bizimlə. Şükür Həmidovun övladı olmaq necə hisdir?

Xoş gördük! Bilirsiniz, bu mənim ilk müsahibəmdir. Çox ağırdır mənimçün atam haqqında danışmaq. Atamın qəhrəmanlığı, adı ilə nə qədər qürur duysam da, yoxluğunun acısını da hər zaman o fəxarət hissi ilə yanaşı yaşayıram.

Biz ailədə 4 nəfərik: Atam, anam, mən və kiçik qardaşım. Atam bu gün yanımızda olmasa da, mən hər zaman onu öz aramızda sayıram. Bu gün sizə bir qəhrəman yox, bir ata haqqında danışmaq istəyirəm. Onun necə bir qəhrəman olduğunu bütün xalqımız bilir. Tarixə adını yazan Şükür Həmidov kimi bir insanın övladı olmaq dillə təsviri mümkün olmayacaq qədər qürurvericidir.

Bilirsiz, mən atamın o cür yüksək adı daşımasına baxmayaraq, özünü hər zaman sadə aparmasına görə daha çox fəxr etmişəm. Bizə də tövsiyəsi məhz bu idi. Bizi sadə, vətəninə, millətinə faydalı bir övlad kimi yetişdirmək istəyirdi.

Atam elə bir insan idi ki, onun hər günü xatirəyə çevirilirdi. Onun Aprel döyüşləri ilə bağlı bir xatirəsini bölüşmək istərdim. Biz həmin vaxt Füzulidə yasasaq da, Aprel döyüşlərinin başlamasından xəbərsiz idik. Atam döyüş başlasa da, bizdən gizlədirdi. Ağır artilleriyanın atəş səslərindən bilirdik ki, nəsə var. Atama zeng edib soruşduq ki, hardasan. Dedi, otağımda oturub Kamal Sunalın filminə baxəram. Biz bilirdik ki, döyüş gedir, ona görə də, soruşduq, müharibə başlayıb? Dedi, milləti panikaya salmayın, müharibə yoxdur. Müharibə olsa, mənə xəbər edin, mən də gedim.

Bu hadisə heç kimin yadından çıxmır; döyüşdə olduğu halda Kamal Sunalın filminə baxıram dedi.

  • Atanın ən böyük arzusunun sənin müəllimlik peşəsinə yiyələnmən olduğunu bir neçə dəfə qeyd etmisən. Bu gün artıq bu yolda uğurla irəliləyirsən. Özünü müəllim kimi necə təsəvvür edirsən?

Mənim hər iki babam və anam müəllimlik peşəsinə yiyələniblər. Atam da məni onların davamçısı kimi görmək istəyirdi. Bu onun ən böyük arzusu idi. Bu gün mən həm sevinirəm, həm də çox kədərlənirəm. Atamı arzusuna çatdırdığıma görə çox sevinirəm, kədərlənməyimin səbəbi isə odur ki, atam bu sevinci mənimlə bərabər yaşaya bilmədi...

Mən hələ uşaqlıqdan dərslərimi özümdən müəllim kimi soruşurdum. Həm müəllim, həm də şagird olurdum. İndi  artıq müəllim kimi yetişmək üçün ilk addımlarımı atıram. Hamı kimi mənim də qarşımda bir vəzifə var: Gənclərdə vətenpərvərlik hissini, işğaldan azad olunmuş torpaqlarda şəhid və qazilərimizin yazdığı Zəfər tarixini heç vaxt unutmamağı, Vətən yolunda canımızdan keçmək kimi hisləri aşılamaq.

  • Müəllimlik peşəsinə yiyələnmək üçün məhz Pedaqoji Universitetdə təhsil alacağına necə qərar verdin?

Müəllimlik mənim üçün böyük bir hədəf idi. Bu yolda Pedaqoji Universitetin doğru bir seçim olmasına böyük ümidim vardı. Seçimimdə yanılmadım.

  • Ali məktəb seçimlərinin nəticələri elan olunandan sonra ADPU-nun rektoru ilə görüşün oldu. Bu görüşlə bağlı təəssüratlarından danışa bilərsənmi?

Sentyabrın 6-da rektorumuz professor Cəfər Cəfərovla yaddaqalan görüşümüz oldu. Mən bu görüşə çox həyəcanla getdim. Amma həyəcanım görüş baş tutanadək davam elədi. Mən bu kollektivdə yeni bir ailə, - səmimi, qayğıkeş bir ailə qazandım. Fürsətdən istifadə edib, Cəfər müəllimə səmimi görüşə görə bir daha təşəkkürümü bildirirəm.

  • Əzizə, istərdik, tələbəlik həyatından bəhs edəsən? Müəllimliyin sirlərinə yiyələnmək çətin deyil ki?

Mən bu gün elə bir kollektiv içərisindəyəm ki, sanki onları illərdir tanıyıram. İstər müəllimlərim, istərsə də tələbələr çox mehribandırlar. Mən sevinirəm ki, belə bir kollektivdəyəm.

Biz burada müəllimlik peşəsinin sirlərinə yiyələnməyə çalışırıq. Əlbəttə, bu çox çətindir. Ona görə ki, ox şey öyrənə bilərik, lakin əsas olan o öyrəndiklərimizi şagirdlərimizə çatdıra bilməkdir. Bu baxımdan müəllimliyin sirlərinə yiyələnmək, həqiqeten, çox çətin, məsuliyyətli, eyni zamanda fərəhli bir işdir.

  • Faydalı söhbətə görə təşəkkür edirik. Sonda gənclərə, gələcəyin müəllimlərinə və bu peşəni seçmək istəyən abituriyentlərə nələri demək istərdin?

Mən də sizə səmimi söhbətə görə minnətdarlığımı bildirirəm. Mənim üçün çox çətin olsa da, ümidvaram ki, suallarınızı cavablandırmağı bacardım.

Bütün abituriyentlərimizə uğurlar arzulayıram. Çalışıb həyatda öz sevdikləri peşəyə yiyələnsinlər, vətənlərinə faydalı bir kadr kimi yetişsinlər.

Taleh MİRZƏYEV

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search