Previous Next

ADPU-da professor Mahirə Hüseynovanın yubiley tədbiri: Vətən üçün çırpınan misralar!

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı v.i.e., Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın həyat və yaradıcılığına həsr olunmuş "Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar" adlı ədəbi-bədii tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov yubilyarı təbrik edərək bildirib ki, tarixi Zəfər günləri ilə üst-üstə düşən bu gözəl tədbirdə alimlər, sənətçilər və istedadlı tələbələrin təqdimatında Mahirə Nağıqızı dünyası ilə yaxından tanış olacağıq.
Rektor qeyd edib ki, prof. M.Hüseynova həm Pedaqoji Universitetin məzunu olub, həm də bu gün bu ali təhsil ocağına ləyaqətlə xidmət edir. O gözəl pedaqoq və tanınmış ictimai xadim olmaqla yanaşı, həm də görkəmli alim, məhsuldar şairə kimi müasir Azərbaycan filologiya elmində və poeziyasında ən tanınmış imzalardan biridir.
Professor Mahirə Hüseynovanın həyatı, elmi-pedaqoji və bədii fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra Odlar Yurdu Universitetinin professoru, fil.e.d. Rüstəm Kamal M.Nağıqızının "Onun daş nağılı" əsərinin təhlili əsasında şairənin bədii yaradıcılığının əsas cizgilərindən söz açıb. Məruzəçi qeyd edib ki, Mahirə Nağıqızı yaradıcılığında Vətən, ana və sevgi mövzuları əsas xətt kimi keçir, bununla belə, həm də həssas peyzaj təsvirləri şairənin poetik ustalığının təzahürüdür. Peyzajlarda isə payızın təsviri sanki daxili həsrətin, ayrılığın, nisgilin bədii inikasıdır.
Respublikanın Əməkdar artisti Azad Şükürovun sevilən şairənin "Vətən" və "Vətən, ay Vətən" şeirlərini ifa etməsi xüsusi maraq oyadıb.
ADPU-nun professoru Mirvari İsmayılova M.Hüseynova və onun ADPU-da fəaliyyəti ilə bağlı məruzə edib.
Tədbirdə Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri dos. Nazilə Abdullazadə və Müasir Azərbaycan dili kafedrasının müdiri dos. Könül Səmədova fakültədə yeni hazırlanan M.Nağıqızının son şeirlərindən ibarət “Lövbər adam” kitabı, prof. M.Hüseynovanın redaktorluğu ilə fakültənin dekan müavini Könül Həsənova və dos. Nazilə Abdullazadənin müəllifi olduğu "Şuşa. Zəfərin təntənəsi” əsəri, Mahirə Hüseynova haqqında fakültənin alimlərinin düşüncələrinin əsk olunduğu iki cilddən ibarət “Zirvədəki Azərbaycanlılar. Vətənpərvər alim” kitabı və fakültənin “Filoloq” qəzetinin xüsusi buraxılışını tədbir iştirakçılarına təqdim ediblər.
Tədbir çərçivəsində yubliyar səmərəli fəaliyyətə və yüksək nailiyyətlərə görə ADPU-nun rektoru prof. C.Cəfərov tərəfindən universitetin “Fəxri Fərman”ı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tərəfindən Mərkəzin “Fəxri Fərman”ı, ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri dosent Vaqif Əliyev tərəfindən “Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Komitəsinin 100 illik yubileyi” medalı və ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev tərəfindən filialın “Fəxri Fərman”ı ilə təltif olunub.
Sonra tədbir tanınmış incəsənət ustalarının və fakültənin Meh ədəbi dərnəyinin üzvlərinin təqdimatında bədii proqramla davam etdirilib.
Sonda çıxış edən prof. M.Hüseynova onun elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin