21-24 mart tarixlərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oreqon ştatının Portland şəhərində “TESOL Convention and English language Expo 2023” adlı beynəlxalq tədbir keçirilmişdir. Bu hər il ABŞ-də müxtəlif ölkələrdən ingilis dili mütəxəssislərinin iştirakı ilə keçirilən beynəlxalq konvensiyadır. Builki TESOL Konvensiyası təxminən 3000 ingilis dili mütəxəssisinin, o cümlədən 100-dən çox universitet və dil təlimi keçən müxtəlif təşkilatların öz fəaliyyətləri və məhsullarını əks etdirdikləri sərgi və 900 çıxış və təqdimatla xarakterizə olunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva da bu tədbirdə iştirak etmiş, ABŞ Dövlət Departamenti, Duolingo, Kembric Qiymətləndirməsi, “English Teaching Forum” jurnalı, Kütləvi Açıq Onlayn Kurslar (“MOOC – Massive Open Online Courses”), Mississipi Universiteti, Türkiyənin Bilkent Universiteti və s. qurumların əməkdaşları ilə görüşlər keçirmiş, onların iş prinsipləri və planları haqqında müzakirələr etmişdir.
Ülviyyə Hacıyeva tədbir çərçivəsində, eyni zamanda, TESOL prezidenti Joyce Kling, Regional İngilis Dili Ofisinin (RELO) rəhbəri Lottie Baker ilə də müzakirələr aparmışdır.