Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Şimali Norveç Universitetinin ingilis dili üzrə beynəlxalq mütəxəssisi, professor Simon Borg ilə görüş keçirilib.
Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyeva və əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Mirvari Qasımova, baş müəllim Günay Alıyeva, baş müəllim Simuzər Muxtarova, Britaniya Şurasının ingilis dili üzrə proqram rəhbəri Könül Əhmədova və Azərbaycan üzrə milli məsləhətçi Aygün Dadaşova iştirak ediblər.
Məlum olduğu kimi, Britaniya Şurası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə uzun illərdir ki, təhsil sahəsində uğurlu layihələr həyata keçirməkdədir. 2023-2024-cü illər üçün Britaniya Şurasının nəzərdə tutduğu fəaliyyətlərindən biri də Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkə üzrə ümumi təhsil müəssisələrində ingilis dili üzrə tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı strategiyanın hazırlanmasıdır. Sözügedən strategiyanın hazırlanması üçün Britaniya Şurası tərəfindən beynəlxalq məsləhətçi kimi prof. Simon Borg seçilib. O, əvvəlki illərdə də Azərbaycanda işləmiş və apardığı tədqiqat nəticəsində ərsəyə gələn SPEX proqramı həyata keçirilmişdir.
Prof. Simon Borgla görüşdə ümumi təhsil müəssisələrində ingilis dili üzrə tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı milli strategiyanın hazırlanması yönündə müzakirələr aparılmış, ekspert cari təhsil proqramları, tədris planları, silllabuslar, dərsliklər və s. ilə tanış olmuşdur.