Fevralın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçirilən “Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminarlar” layihəsi çərçivəsində “Gənc tədqiqatçılar üçün IMRAD modeli” mövzusunda seminara start verilib.
Seminarda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Elmi-təşkilati şöbənin müdiri, professor İbrahim Bayramov, Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.f.d. Rəşad Sadıqov, eləcə də universitetin gənc tədqiqatçıları, magistrant və tələbələri iştirak ediblər.
Açılış sözü ilə çıxış edən ADPU-nun prorektoru, prof. Asəf Zamanov gənc tədqiqatçıların elmi araşdırma və məqalə yazma bacarıqlarına yiyələnməsinin zəruriliyini dilə gətirib, bu bacarıqların formalaşdırılmasında maarifləndirici seminarların əhəmiyyətinə toxunub.
Daha sonra ekspert Sevinc Ədilovanın təqdimatında “IMRAD modeli nədir?”, “IMRAD modelindən istifadə qaydaları” və “Məqalələrin tərtibatında IMRAD modelinin üstünlükləri” mövzularında iştirakçılar üçün təlimlərə start verilib.
IMRAD modeli giriş, metodlar, nəticələr və müzakirə mərhələlərini əhatə edən elmi məqalə yazma qaydasıdır.
Qeyd edək ki, iki gün davam edəcək seminarın sonunda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunacaq.