Fevralın 28-də Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Azərbaycanda gənclər siyasəti: uğurlar və qarşıda duran vəzifələr” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə görüş keçirib. Görüşdə Universitetdə təhsil alan şəhid ailələrinin üzvləri, qazilər, idmançılar və fəal tələbələr iştirak edib. Tədbir şəhidlərin xatirəsinin anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qonağı salamlayan Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Universitet barəsində məlumat verib, eləcə də, dövlət başçısının təhsilə və gənclər siyasətlərinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edərək, bu siyasətlərin uğurla həyata keçirilməsinin gələcəyimizin təminatı olmasını qeyd edib.
Rektor Pedaqoji Universitetdə dövlət gənclər siyasətinə uyğun olaraq sistemli fəaliyyət icra olunduğunu diqqətə çatıdırıb. Qeyd olunub ki, ADPU-da müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən tələbə təşkilatları, ümumilikdə 60-dək klub və dərnəklər aktiv fəaliyyətdədirlər.
Vurğulanıb ki, Universitetdə vətənpərvərlik şüurunun tərbiyə olunması istiqamətində də ardıcıl işlər aparılır. ADPU-nun tələbə və məzunları arasında Vətən müharibəsində döyüşən kifayət qədər gənclər var. Onlardan 16 nəfəri Vətən müharibəsində və 1 nəfəri isə 2022-ci ilin sentyabr döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. ADPU-da şəhid ailələrinin üzvü olan, o cümlədən müharibə iştirakçısı olan tələbələrin ehtiyaclarının təmini, onlara zəruri tədris şəraitinin yaradılması daim diqqət mərkəzində saxlanılır.
Milli Məclisin sədr müavini Adil Əliyev çıxışında Milli Məclisin fəaliyyəti barəsində tələbələrə məlumat vermiş, Gənclər və idman komitəsinin məşğul olduğu istiqamətləri qeyd edərək, Komitənin yaz sessiyası üçün təsdiq olunmuş İş Planına uyğun olaraq mütəmadi olaraq görüşlərin keçirildiyini bildirib.
Müasir gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasını bildirən vitse-spiker Ümummilli Liderin imzaladığı müvafiq Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə ölkəmizdə gənclər üçün xüsusi bir günün təsis olunmasını, hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsini və orada müxtəlif ixtisaslar üzrə təhsil almalarına şərait yaradılmasını diqqətə çatdırıb.
Adil Əliyev çıxışında xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndərin bütün sahələrdə olduğu kimi gənclər və idman sahəsində də əsasını qoyduğu siyasətin müxtəlif çağırışlarla üzləşməsini, çevrilişlərin qarşısını almasını və sabitliyi təmin etməklə bərabər gənclər siyasətini hər zaman ön planda saxlamasını bildirib. Bu məqsədlə də, ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb və 2 fevral 1996-cı ildə Gənclərin I Forumu keçirilib, eləcə də, bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılıb.
Azərbaycançılıq məfkurəsinin din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların ümumi vətəninə bağlılığını özündə ehtiva etməsini, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdıraraq Müzəffər Ali Baş Komandanın Ulu Öndərin yaratdığı təməllər üzərində yürütdüyü böyük siyasi xəttə daxil olan gənclər və idman siyasəti sayəsində Azərbaycan idmanı və gənclər siyasətinin böyük tərəqqiyə nail olmasını bildirən vitse-spiker ölkəmizdə gənclər sahəsində dövlət siyasətinin kompleks şəkildə hazırlanaraq həyata keçirildiyini, nəticədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişikləri əldə edildiyini, gənclərin ictimai həyatda rolunun önəmli dərəcədə artdığını vurğulayıb.
Dövlət başçısının andiçmə mərasimində gənclər sahəsinə gündəliyində xüsusi yer verməsi Azərbaycan gəncinə verilən dəyərdir.
Vitse-spiker Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramlarının qəbul edilərək uğurla icra edilməsini, hər il 10 nəfər gəncə Prezident təqaüdü verilməsini, gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Təhsilin dövlətimiz üçün olduqca vacib sahələrdən biri olmasını qeyd edərək, təhsil siyasətinin əsas hədəflərindən birinin gənc nəsillərin savadlı və vətənpərvər ruhda yetişdirilməsi olduğu, bu məqsədlə Dövlət Proqramlarının hazırda uğurla icra edildiyi və gənclərimizin xarici ölkələrdə təhsilə əlçatanlığının dövlət hesabına tam təmin edildiyi diqqətə çatdırılıb.
Gənclərin də öz növbəsində dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməsini qeyd edən vitse-spiker Azərbaycan gəncliyinin istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlməsini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsinin gənclər olmasını qeyd edib. Dövlət başçısının dediyi kimi, 44 günlük döyüşlərdə bir fərarilik faktının belə qeydə alınmamasını, məhz bu qələbənin də gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi olduğunu, Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissinin əməldə sübut olunmasını qeyd edib.
Sədr müavini üzünü gələcəyin müəllimlərinə tutaraq gənclərlə bağlı dövlət siyasətinin rolunun fiziki və mənəvi hazırlıqla, vətənpərvərlik işi ilə bağlı olması ilə bərabər, gənc nəslin tərbiyəsində cəmiyyətin rolundan bəhs etmiş, gənclərimizin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da əhəmiyyətli rol oynadığını bildirmişdir.
COP-29-da hər birimiz fəal iştirak etməliyik
Çıxışının sonunda COP-29-un ölkəmizə təyin edilməsinin beynəlxalq ictimaiyyətin ölkəmizə verdiyi dəstəyin, həmrəyliyin əyani nümayişi, dünyada artan nüfuzumuzun göstəricisi olmasını qeyd edən vitse-spiker gənclərin könüllü fəaliyyətinə xüsusi diqqət çəkib. Çıxışın yekununda gənclərə müraciət edərək bilik və bacarıqların inkişafına xüsusi diqqət ayırmağı tövsiyə edib.
Daha sonra tələbələrlə onları maraqlandıran mövzular ətrafında geniş müzakirə aparılıb və tədbirin sonunda xatirə şəkli çəkdirilib. Milli Məclisin Gənclər və idman komitəsi adından şəhid ailəsinin üzvü və müharibə iştirakçısı olan tələbələrə hədiyyələr təqdim olunub.
Tədbirdən sonra sədr müavini Universitetin xatirə kitabına ürək sözlərini yazıb və imzalayıb.