Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun XV dinləməsi keçirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, SABAH Qrupları İcra Komitəsi və Pedaqoji Universitetin birgə təşkilatçılığı ilə keçirilən növbəti dinləmədə Türkiyənin Çankara Universitetinin professoru Buket Ağqoyunlunun “Gələcəyin təhsilində yeni müəllimlərin müasir bacarıqları” mövzusunda ustad dərsi dinlənilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov diqqətə çatdırıb ki, prof. B. Ağqoyunlu 30 ildən artıq müddətdə Hacəttəpə Universitetində təhsil sahəsində araşdırmalar aparıb, 2017-ci ildən isə Çankara Univeristetində professor və rektor köməkçisidir. Professorun tədqiqatları, əsasən, tədris dizaynı, vebəsaslı təlim dizaynı, e-tədris dizaynı, ali təhsildə süni intellekt savadlılığı, tədris dizaynında və öyrənmə təcrübəsində süni intellekt, həmçinin informasiya savadlılığı və rəqəmsal savadlılığa yönəlib.
Daha sonra prof. B.Aqqoyunlunun ustad dərsi dinlənilib. Dərs sual-cavab sessiyası ilə yekunlaşdırılıb.
Çıxış edənlərdən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədli və ADPU-nun rektoru, professor Cəfər Cəfərov Pedaqoji Forum çərçivəsində bu kimi aktual mövzularda ölkəmizdə və xaricdə tanınmış alimlərin, təhsil tədqiqatçılarının ustad dərslərinin təşkilini yüksək qiymətləndirərək, belə tədbirlərin elmi-pedaqoji ictimaiyyətin nümayəndələri üçün önəmini vurğulayıblar.
Qeyd edək ki, dinləmədə Pedaqoji Universitet və pedaqoji kadr hazırlayan universitetlərin professor-müəllim heyəti, o cümlədən pedaqoji ixtisaslar üzrə təhsil alan magistrantlar və doktorantlar iştirak ediblər.