Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan dərslərin növbəti məşğələsi Filologiya fakültəsində baş tutub. Fakültənin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının AZD2206B və AZD2207B nömrəli qrup tələbələrinin iştirak etdiyi məşğələ universitetin əsas tədris binasında yerləşən Heydər Əliyev muzeyindən başlayıb. Mərkəzin baş mütəxəssisi Aynurə Əsgərova tələbələri burada nümayiş etdirilən eksponatlarla tanış edib, onlara arxiv sənədlərinin surətləri, fotoşəkillər, kitablar, suvenirlər və s. haqqında ətraflı məlumat verib.
Heydər Əliyev məktəbinin lektoriyasında davam edən dərsdə “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirə ilə çıxış edən mərkəzin müdiri Tahir Süleymanov Ümummilli Liderin şəxsiyyəti, fəaliyyəti, ölkə və xalq qarşısındakı xidmətləri haqqında danışıb, 1969-2003-cü illər arasındakı böyük bir zaman kəsiyinin “Heydər Əliyev dövrü” kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd edib.
Mühazirədən sonra dünyanın tanınmış dövlət xadimlərinin Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar nümayiş etdirilib.
Dərsin “film saatı” adlandırılan hissəsində filoloqlar “Böyük lider Heydər Əliyevin həyat yolu” adlı sənədli filmə tamaşa ediblər.
Son olaraq, dərs boyunca verilmiş məlumat və materiallar əsasında tələbələrə suallar ünvanlanıb, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, ADPU-da təşkil olunan “Heydər Əliyev dərsləri”ndə indiyədək universitetin müxtəlif fakültələrindən 1000-dən çox tələbə iştirak edib. Təqvim ilinin sonunadək dərslərin qrafik əsasında digər qrup və fakültələrdə də davam etdirilməsi nəzərdə tutulur.