Previous Next

ADPU-da icra olunan "İbtidai siniflər üçün inklüziv tədris bacarıqları" proqramı uğurla başa çatıb

Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ibtidai təhsil müəllimliyi üzrə ixtisaslaşan bakalavr tələbələrinin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsini hədəfləyən, “bp” və şirkətin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “TPAO”, “SOCAR”, “SGC”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – ilə birgə icra olunan mühüm təlim proqramının mükafatlandırma mərasimi keçirilib.
Pedaqoji Universitetin İbtidai təhsil fakültəsinin təxminən 140 tələbəsi təlim proqramında iştirak edərək inklüziv təhsilin innovativ metodlarına və xüsusiyyətlərinə yiyələnib. Sonda onlara beynəlxalq sertifikatlar verilib. 
Proqramın məzmununun əsasını empatiya və hörmət, insanların fərdi xüsusiyyətlərini nəzərə almaqla hər bir şəxs üçün təhlükəsiz, uyğun və məqbul bir mühit yaradılması kimi bacarıqlar təşkil edib.
Proqram “DanceAbility®” adlanan beynəlxalq təlim metoduna əsaslanıb və bu metod universal ünsiyyət üsullarından istifadə etməklə əlilliyi olan insanların müalicəsində və reabilitasiyasında inklüzivliyi əhatə edir. Metodun mahiyyəti hərəkətlərdə harmoniya və koordinasiya əldə etməklə bədii ifadə, improvizasiya, ünsiyyət və özünəinamı təmin edən hərəkətləri öyrətmək və məşq etməkdən ibarətdir. Bu metod əsasən həssas qrup insanların, o cümlədən fiziki və əqli əlilliyi olan şəxslərin - uşaqlar, yeniyetmələr, yaşlılar, müharibə veteranları və digərlərinin təhsil və təlimində istifadə olunur.
Sertifikatların təqdim olunması tədbirində çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, təhsilverənlərdə inklüziv bacarıqların artırılması dövlət, cəmiyyət və universitet olaraq qarşımızda duran ən vacib çağırışlardan biridir və bu istiqamətdə çeşidli addımlar atılır, ADPU-da İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. Rektor həyata keçirilən proqramın bu fəaliyyətlərin inkişafında önəmli tədbirlərdən biri olduğunu diqqətə çatdırıb və dəstəyə görə “bp” və tərəfdaşlarına təşəkkür edib.
“bp”-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Hesab edirik ki, bu layihə inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılığın artırılması səylərinə mühüm töhfədir. Daha geniş kontekstdə, layihə təkcə təhsildə deyil, bütövlükdə cəmiyyətdə inklüzivlik hissini təşviq etmək məqsədi daşıyır. Elə bir inklüziv cəmiyyət ki, orada insanlara ədalətli və bərabər münasibət göstərilir, hər bir insan özünü dəyərli hiss edir, xoş qarşılanır və hörmət görür. İnanırıq ki, bu hissi və bu mədəniyyəti kiçik yaşlardan aşılamaq vacibdir və məhz buna görə də diqqətimizi ibtidai siniflərə yönəltməyə qərar verdik.”
Qeyd edək ki, yeddi aylıq (oktyabr 2023 – may 2024) layihənin ümumi dəyəri təxminən 78000 AZN təşkil edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search