Previous Next

Azərbaycan-Vyetnam əlaqələri dövlətlərarası münasibətlər üçün bir nümunə modelinə çevrilə bilər

Azərbaycan ilə Vyetnam arasında əlaqələr ötən əsrin ortalarında formalaşmağa başlayıb. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə etdiyi səfər və 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini yaratmışdı.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra da iki ölkənin münasibətlərinin qarşılıqlı etimad mühitinin qorunması fonunda uğurla inkişaf etdirilməsi prioritetlər sırasında oldu. Son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına verdiyi önəm 2014-cü ildə bu ölkəyə reallaşdırdığı dövlət səfərində özünün aydın ifadəsini tapdı. 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsində mühüm önəm kəsb etdi. Həmin səfər çərçivəsində keçirilmiş birinci Azərbaycan-Vyetnam biznes forumu energetika, tikinti, informasiya texnologiyaları, sənaye, nəqliyyat, turizm və digər sahələrdə perspektivləri nəzərdən keçirmək üçün platforma rolunu oynadı.

Ölkə başçısı cənab İlham Əliyev cari ilin may ayının 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan ilə Vyetnam arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini əhatəli şəkildə dəyərləndirdi. İki ölkənin ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malik olduğunu bildirən Ölkə başçısı qeyd etmişdir: “İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir”.

Dövlət başçısının fikirləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlətlərarası əməkdaşlığın genişləndiyini bir daha təsdiqləyir. İki dövlət arasında iqtisadi əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə işbirliyinin dərinləşməsində maraqlıdır. Tərəflər arasında ticarət dövriyyəsinin artması və investisiya təşəbbüslərinin irəli sürülməsi yeni perspektivlər yaradır. Dövlətimizin başçısı müsahibəsində 2024-cü ildə Azərbaycan və Vyetnam arasında əmtəə dövriyyəsinin 223,93 milyon ABŞ dolları təşkil etdiyini və bu göstəricinin gələcəkdə daha da artacağına dair potensialın mövcud olduğunu qeyd edib.

Azərbaycanla Vyetnamın arasında yaşıl enerji sahəsində, investisiya qoyuluşu, turizm sahələrində əməkdaşlığı genişləndirmək imkanları çox böyükdür. Bu cəhətdən həm qarşılıqlı investisiyalar, həm kənd təsərrüfatı, həm mədəni əlaqələr, həm də Vyetnamda yaşıl enerjinin, bərpa olunan enerji infrastrukturlarının yaradılmasında Azərbaycanın təcrübəsinin tətbiqi iki dövlətin arasındakı münasibətlərdə çox böyük önəm daşıyacaq.

Beləliklə, bütün bu istiqamətlərdə görüləcək işlərin nəticəsi kimi, Azərbaycan-Vyetnam əlaqələri çox dövlətlərin arasında münasibətlər üçün bir nümunə modelinə çevrilə bilər.

 

Turan KƏRİMLİ,

ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search