Previous Next

ADPU-nun Corc Vaşinqton Universiteti ilə ilkili diplom proqramının IV məzun buraxılışı

Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu universitetlərindən Corc Vaşinqton Universiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib. Mərasimdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyinin və Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak ediblər.

Mərasim təntənəli məzun himninin sədaları altında universitet bayraqlarının zala gətirilməsi və proqramın müəllim və tələbələrinin zala daxil olması ilə start götürüb.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Rektor çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan ali təhsilsilinin rəqabətqabiliyyətliliyinin artırılması üzrə 2019-2023-cü illər üzrə Dövlət Proqramı” əsasında icra edilən və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən Təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikili diplom magistr proqramının builki məzunlarının sayı 37 nəfərdir. İlk dəfə 2020-ci ildə qəbul aparılan proqram üzrə əvvəlki 3 il ərzində  83 nəfər məzun olub və builki məzunlarla birgə ümumi məzun sayı 120 nəfərə çatır. Bu proqramın ölkəmizin təhsil sistemində mühüm bir yeniliyin təməlini qoyduğunu və  Azərbaycan ilə ABŞ arasında akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə və əməkdaşlıq imkanlarının genişləndirilməsi gələcəyin təhsil liderlərini hazırlamaq məqsədi daşıdığını bildirən prof. C.Cəfərov məzunların proqram sayəsində əldə etdikləri bilik və bacarıqların Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacağına əminlik ifadə edib.

Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqramın uğurlarından bəhs edərək qeyd edib ki, Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı artıq strateji mahiyyət daşıyır və bu cür akademik tərəfdaşlıqlar beynəlxalq elmi mübadilənin inkişafına töhfə verir.

Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında proqramın dövlət təhsil siyasətindəki yerini xüsusi qeyd edib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir və bu proqramların artıq ciddi müsbət təsirləri müşahidə olunur. Bu proqramlardan mindən çox şəxs artıq məzun olub və onlar həm şəxsi inkişaf, həm də ölkənin gələcəyi üçün ciddi töhfə vermək imkanı qazanıblar.

Emin Əmrullayev çıxışında Dövlət Neft Fonduna da təşəkkürünü çatdıraraq bildirib ki, bu təşəbbüslər Azərbaycanın uzun illər inkişafına böyük töhfə vermiş neft gəlirlərinin insan sərvətinə, yəni “qara qızılın insan qızılına çevrilməsi” konsepsiyası çərçivəsində görülən işlərin bariz nümunəsidir. Nazir məzunların iki müxtəlif təhsil sisteminin bilik və təcrübəsini birləşdirərək müasir idarəetmə və tədris modellərinin yerli təhsil sistemində tətbiqinə töhfə verəcəklərini bildirib.

Sonda “Təhsil siyasəti və idarəetməsi” üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2023/2024-cü tədris ilinin məzunlarına fəxri diplomlar təqdim olunub.

Rəsmi mərasim ümumi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Xatırladaq ki, ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search