Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Haqdan gələn səs - Dahi" adlı tədbir-tamaşa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevə həsr olunan rəsm əsərləri ilə tanış olublar.
Kollecin akt zalında davam edən tədbirdə Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı böyük Zəfərdən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Daha sonra kollecin tələbələrinin rol aldıqları "Haqdan gələn səs - Dahi" adlı tamaşa təqdim olunub. Ümummilli Liderin mənalı həyatına, siyasi fəaliyyətinə həsr olunmuş tamaşa iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin davamında tələbələrin ifasında Ulu Öndərə, Vətənə, Qarabağa həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.
Tamaşadan sonra mərasim iştirakçıları qarşısında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov yaradıcı heyəti təbrik edib, nümayiş olunan tamaşadan məmnunluğunu ifadə edib. Rektor bildirib ki, bu tamaşa zəngin ömür yolu ilə fəxr etdiyimiz Ulu Öndərin irsinin öyrənilməsi və təbliği baxımından çox əhəmiyyətlidir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinə nəzər salan C.Cəfərov ölkəmizin tarixində onun misilsiz xidmətlərindən bəhs edib. Çıxışının sonunda rektor tələbələrə elmi yenilikləri dərindən öyrənməyi, bilik və bacarıqları artırmağı, fəal və ləyaqətli vətəndaş olmağı tövsiyə edib.
Çıxış edən ADPK-nın direktoru dosent İsrayıl İsgəndərov rejissora və tələbə-gənclərə tamaşanın yüksək səviyyədə təqdimatına görə təşəkkür edib, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışıb.