Hörmətli həmkarlar və tələbələr!
Xalqımızın milli-mənəvi dəyərlər xəzinəsində özünəməxsus yer tutan İslam dininin müqəddəs mərasimlərindən olan Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, elmi-pedaqoji fəaliyyət və təhsilinizdə, şəxsi işlərinizdə davamlı nailiyyətlər diləyirəm.
İnsanlara mənəvi-əxlaqi saflıq duyğuları aşılayan Qurban bayramı müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirməklə yanaşı, cəmiyyətdə qarşılıqlı etimadı, sosial və ictimai yardımlaşmanı təlqin və təbliğ edən dini mərasimdir. Qurbanlığın gözəl xüsusiyyətlərindən biri də ayrı-seçkiliyə yol verilməməsi, halallığın qorunmasıdır.
Azərbaycan xalqı əsrlər boyu, ən mürəkkəb dövrlərdə belə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq qalmış, tarixi- mədəni irsini daim zənginləşdirmişdir. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin və xalqımızın tərəqqisi və rifahı üçün dualar edilir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində keçirilir. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün 100 illik yubileyini böyük coşqu ilə qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin siyasi kursunun prioritet istiqamətlərindən birini ölkəmizdə bütün dini konfessiyaların milli-mənəvi dəyərlərinə hörmət və dövlət qayğısının göstərilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi təşkil etmişdir. Dövlətin bu milli siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir, multikultural cəmiyyətin inkişafına öz töhfəsini verir.
Əziz həmkarlar və sabahın gənc müəllimlərı!
Yeni dövrün çağırışlarını və dövlətimizin tələblərini əsas tutaraq, yetişməkdə olan gənc nəslin rəqəmsal və dünyəvi biliklərə yiyələnməsi ilə yanaşı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər vətəndaş kimi formalaşması üçün biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bu məsul və şərəfli vəzifənin icrasında hər birinizə tükənməz enerji və yeni uğurlar arzu edirəm. Sizinlə birlikdə xalqımızın və dövlətimizin etimadını layiqincə doğruldacağımıza, ölkəmizdə aparılan islahatlara öz töhfəmizi verərək, təhsilimizi daha yüksək səviyyələrə qaldıracağımıza əminliyimi ifadə etmək istəyirəm.
Bu əlamətdar bayram münasibətilə hamınızı bir daha təbrik edir, tələbələrimizə yekunlaşmaqda olan yay imtahan sessiyasında müvəffəqiyyətlər arzulayıram.
Bayramınız mübarək olsun!