Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbriki

Hörmətli həmkarlar, əziz tələbələr!

Hər birinizi şanlı tariximizin əsas səhifələrindən olan 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

18 Oktyabr günü Azərbaycan xalqının tarixində olduqca əhəmiyyətli yer tutur. 1991-ci ilin məhz bu günündə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respub­li­kasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilib. Həmin aktla Azərbaycan rəsmi şəkildə SSRİ-nin tərkibindən çıxdığını və Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqil dövlət olduğunu bəyan etdi. Beləliklə, ölkəmiz 71 il sonra dövlət müstəqilliyini bərpa edərək yenidən öz istiqlalına qovuşdu. Bu tarix xalqımızın birliyinin, mübarizliyinin, cəsarətinin bariz nümunəsidir. Eyni zamanda, göstərilən hadisəni sadəcə müstəqilliyin bərpası kimi ifadə etmək düzgün olmaz. Bu gün mahiyyət etibarilə xalqımızın öz müqəddəratını, gələcək taleyini özünün həll etməsi yolunda apardığı uzunmüddətli milli mübarizəsinin qələbə tarixidir.  

Təbii ki, müstəqilliyini yeni bərpa etmiş, amma siyasi, iqtisadi və hərbi cəhətdən ağır məhrumiyyətlərə düçar olmuş, dövlətçilik ənənəsi sarsılmış Azərbaycan xalqı olduqca çətin və gərgin vəziyyətlə üzləşmişdi. Xoşbəxtlikdən belə taleyüklü dönüş anında Ulu Öndər Heydər Əliyev xilaskar missiyası ilə xalqının köməyinə yetişdi. Onun rəhbərliyi altında müstəqil dövlətçiliyin qurulması və tərəqqisi yolunda çevik və müdrik siyasi, diplomatik fəaliyyət həyata keçirildi, ağır ictimai-siyasi, sosial-iqtisadi böhran aradan qaldırıldı, Azərbaycanın hərtərəfli dayanıqlı inkişafı və dönməz dövlət müstəqilliyi təmin edildi.

Ümumilli Lider irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə siyasi və iqtisadi müstəqilliyimizin daha da möhkəm­lən­­dirilməsi, hərbi qüdrətimizin artırılması, Azərbaycanın qlobal miqyasda önəmli gücə çevrilməsi siyasəti uğurla davam etdirilir. Məhz Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq təmin etdi. Vətən müharibəsindəki şanlı zəfər və lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə həyata keçirilən ardıcıl siyasi xətt nəticəsində yaranmış yeni reallıqlar bizi bir daha əmin edir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır, dövlətçiliyimizin taleyi möhkəm əllərdədir.

Bu gün Şuşada, Xocalıda, Xankəndidə və işğaldan azad edilmiş digər ərazilərimizdə qürurla dalğalanan üçrəngli Azərbaycan bayrağı tarix boyu daim dərin dövlətçilik ənənələrinə malik olmuş, bir əsrdə iki dəfə öz istiqlalını əldə etməyi bacarmış bir xalqın qəhrəmanlıq, əzəmət və vüqarının təcəssümü, Vətən üçün canından keçmiş igidlərimizin rəşadət rəmzidir.

Əziz həmkarlar, dəyərli tələbələr!  

Bir daha hər birinizi bu qürur və fəxarət dolu bayram münasibətilə ürəkdən təbrik edir, sizə hər bir qarışı üçün minlərlə qurban gedən bu müqəddəs vətən torpağında  sağlam, uzun, xoşbəxt ömür və rifah dolu həyat arzulayıram. Gələcəyin qurucusu - pedaqoqlar olaraq vətənin tərəqqisi, aydınlığı naminə gördüyünüz bütün işlərdə uğur sizinlə birgə addımlasın!

Müstəqilliyimiz əbədi, qürurumuz sarsılmaz, bayrağımız uca olsun! Bayramınız mübarək!

ADDRESS

Uzeyir Hajibeyli, 68, Sabail District,Baku, AZ1000

OUR NETWORK

Get to know our colleges and branches

NEWSLETTER

Enter your email and we'll send you more information

Search