Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mərhələsi üzrə imtahan keçirilib.
ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd Universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır.
“bp Azərbaycan”, “Prestij-S” Tədris Mərkəzi və “İT Brains Academy” müsabiqənin sponsorlarıdır.
Müsabiqənin mart ayının 10-da keçirilən I mərhələsində uğur qazanaraq növbəti mərhələyə keçən 239 nəfərdən 224-nün iştirak etdiyi II mərhələdə iştirakçıların məntiqi təfəkkürlərini, informasiya ilə iş qabiliyyətlərini və verbal təhlil bacarıqlarını yoxlayan suallar təqdim olunub.
Qeyd edək ki, “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur. Eyni zamanda, müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Müsabiqə, ümumilikdə, 4 mərhələdən ibarətdir. II mərhələdə uğur qazanan iştirakçılar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.