Previous Next

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin qaliblərinin mentorluq proqramına start verilir

Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin qalibləri və xüsusi mükafatçılarının mentorluq proqramının başlanması ilə bağlı görüş keçirilib.

Çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev müsabiqənin universitetin potensiallı tələbələrinin üzə çıxarılaması, gənclərin peşəkar kadr kimi yetişmələri baxımından əhəmiyyətindən danışıb. Prof. F.Rzayev diqqətə çatdırıb ki, universitetin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri arasında keçirilən müsabiqədə 1000-ə yaxın tələbə-gənc iştirak edib. 4 mərhələdən ibarət müsabiqənin yekununda 10 nəfər tələbə qalib, 10 nəfər isə xüsusi mükafatçı olaraq fərqlənməyi bacarıb. Prorektor qeyd edib ki, hər bir qalib 1000 AZN pul mükafatı, 1 illik xarici dil və İT kursları kimi mükafatlarla yanaşı, həm də Təşkilat Komitəsinin üzvü olan ADPU-nun rəhbər heyəti ilə 1 illik mentorluq proqramından faydalanmaq şansı əldə ediblər. Prorektor tələbələrə artıq start götürən mentorluq proqramında uğurlar arzu edib, onları bu şansdan yüksək səviyyədə faydalanmağa və təşəbbüskar olmağa çağırıb.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri səlahiyyətlərinin icraçısı, layihənin işçi qrupunun rəhbəri Taleh Mirzəyev mentorluq proqramının qrafiki, iştirakçıların qarşısına qoyulan tələblər və digər qaydalar haqqında məlumat verib.  O, vurğulayıb ki, növbəti həftədən start götürəcək proqram çərçivəsində mentilər universitet rəhbərliyi və sturukutur rəhbərlərindən ibarət mentorları ilə mütəmadi görüşlər keçirəcək, onların təcrübələrindən faydalanmaqla yanaşı real iş mühitində öyrəndiklərini tətbiq etmək fürsəti qazanacaqlar.

T.Mirzəyev mentorluq proqramının müsabiqə qalibləri və xüsusi mükafatçıların şəxsi və peşəkar inkişafları, eləcə də gələcək karyera imkanları üçün əhəmiyyətini diqqətə çatdırıb, proqramla bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil olunan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. 

“bp Azərbaycan”, “Prestij-S” Tədris Mərkəzi və “İT Brains Academy” müsabiqənin sponsorlarıdır.

ADDRESS

Uzeyir Hajibeyli, 68, Sabail District,Baku, AZ1000

OUR NETWORK

Get to know our colleges and branches

NEWSLETTER

Enter your email and we'll send you more information

Search